...

Azərbaycanlı deputat hərbi çağırışla bağlı yaş həddinin azaldılmasını təklif edib

Siyasət Materials 26 May 2009 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin deputatı "Hərbi çağırışın əsasları haqqında" qanuna dəyişiklik edilməsini təklif edir.

"Həmin dəyişikliyə görə orduya çağırış yaşı aşağı salınmalı və 35-dən 27-yə endirilməlidir", - çərşənbə axşamı Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Trend -un arayışı: Mövcud qanunvericiliyə əsasən, lazımi sayda vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Prezidentinin Fərmanı əsasında ildə dörd dəfə, yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılır. Həqiqi hərbi xidmət 35 yaşadək olan vətəndaşlara şamil edilir.

Onun fikrincə, hərbi çağırış müddəti dörd dəfədən iki dəfəyə endirilməlidir.

"Mənim təklifimin səbəbi son günlər Azərbaycan ordusunda baş verən hadisə ilə bağlıdır. Bir daha təklif edirəm ki, orduda baş verən bu cür olaylar, eləcə də ordunun dislokasiyası ilə bağlı Milli Məclisdə qapalı müzakirə keçirilməlidir", - Ağazadə əlavə edib.

Trend -un arayışı: Mayın 23-də səhər saat 11.00 radələrində Seyfəli poliqonunda hərbçilərin qətli ilə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.

Qazax Hərbi Prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, ilkin olaraq Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə (120.2.4) və iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluqdan bildirilib ki, istintaqın gedişi zamanı cinayət işi başqa maddələrlə də tövsif oluna bilər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin təlim mərkəzində əsgər Orxan Səfərov avtomat silahdan atəş açaraq əsgər yoldaşları Taleh Hidayətovu, Ramin Ataşovu və Şəhriyar Həsənovu  qətlə yetirib, Pünhan Həsənovu və Mustafa Sayfulovu isə yaralayıb. Yaralı əsgərlərdən biri isə aldığı güllə yarasından dünyasını dəyişib.

Əsgər Səfərov tutulub. İlkin yoxlama Hərbi Prokurorluq tərəfindən aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti