Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir A.Bədəlova /
ABŞ Prezidenti Barak Obama Azərbaycanın enerji resurslarınının inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində Birləşmiş Ştatların qismində etibarlı dost və tərəfdaş tapacağına əmindir. Bu barədə o, Bakıda 16-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının açılışı münasibətilə Azərbaycan Prezidentinə göndərdiyi təbrik məktubunda deyib.
"Mən Azərbaycan ilə sıx əməkdaşlıq edəcəyimizə inanıram, Sizə və bu konfrans və sərgi də daxil olmaqla, tədbirin bütün iştirakçılarına uğurlar arzulayıram", - Obama qeyd edib, məktubu çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.
ABŞ Prezidenti bildirib ki, Azərbaycan mühüm və etibarlı enerji təchizatçısı kimi dünya bazarlarına daxil olub.
"Azərbaycan inkişaf etməkdə olan enerji ehtiyatları və beynəlxalq şirkətlərin cəlb edilməsi nəticəsində yüksək texnologiyalar və sürətli inkişafın əldə edilməsi sahəsində nümunə olub. Sizin nailiyyətiniz 1990-cı illərin ortalarından başlayaraq sərmayədarların Azərbaycanın neft və qaz sahələrinin inkişafına cəlb edilməsində və Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz boru kəməri də daxil omaqla, Şərq-Qərb Enerji Dəhlizinin reallaşdırılmasında öz əksini tapıb. Üç ölkə ərazisindən minlərlə mil məsafədən keçməklə və bir çox beynəlxalq enerji şirkətinin cəlb edilməsi ilə reallaşan bu layihələr, yüksək səviyyədə bağlılıq və əməkdaşlıq nəticəsində nələrə nail oluna biləcəyini nümayiş etdirdi. Amerika Birləşmiş Ştatları Azərbaycanla və bu mühüm layihələrin reallaşmasında iştirak edən digər dövlətlərlə əməkdaşlıq etməkdən çox məmnundur", - Obama deyib.
Obama deyib ki, ABŞ təbii qaz yataqlarının inkişaf etdirilməsi sahəsində Azərbaycanın göstərdiyi cəhdləri dəstəkləyir.
"Düşünürəm ki, bu, regional təchizatın artırılmasında sizin ölkəniz və qonşu ölkələr üçün faydalı olacaq. Biz ölkənizin karbohidrogen sektorunun inkişaf etdirilməsini dəstəkləyirik, bu, regionun çiçəklənməsinə və qlobal enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın artmasına səbəb olacaq və həmçinin, Azərbaycanın bütün vətəndaşlarının tələbat və arzularının həyata keçirilməsinə şərait yaradacaq", - Obamanın təbrik məktubunda vurğulanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]