...

Bakıdakı Bayıl istintaq təcridxanasının muzeyə çevrilməsi məsələsi araşdırılacaq

Siyasət Materials 2 İyun 2009 13:28 (UTC +04:00)
Bakıdakı Bayıl istintaq təcridxanasının muzeyə çevrilməsi məsələsi araşdırılacaq

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bayıl istintaq təcridxanasının muzeyə çevrilməsi ilə bağlı hüquq müdafiəçilərinin təklifini araşdıracaq.

"Bayıl istintaq təcridxanasının muzeyə çevrilməsi prezidentin səlahiyyətinə aid olan məsələdir. Biz ictimaiyyətin təklifini ölkə prezidentinə çatdıracağıq", - Trend -un məlumatına görə, bu barədə Azərbaycan paytaxtında yeni istifadəyə verilən İstintaq Təcridxanasına ictimai baxış zamanı çıxışında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib.

Trend -un arayışı: Bayıl istintaq təcridxanasındakı təqsirləndirilənlər və saxlanılanlar 10 gün ərzində yeni istifadəyə verilən Bakı İstintaq Təcridxanasına köçürüləcək.

Bəzi qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri Bayıl təcridxanasının muzeyə çevrilməsi təklifi ilə Penitensiar Xidmətə müraciət edib.

Hazırda Bayıl istintaq təcridxanasında 1200 təqsirləndirilən saxlanılır. İstintaq təcridxanası XIX əsrin sonlarında inşa edilib. Həmin təcridxanada vaxtilə Stalin də cəza çəkib.

Azərbaycan paytaxtında yeni istifadəyə verilən İstintaq Təcridxanasına çərşənbə axşamı ictimai baxış keçirilib.

Ələkbərov deyib ki, Bayıl istintaq təcridxanası yeni tikilən Dövlət Bayrağı Meydanının ərazisində yerləşdiyindən, onun muzeyə çevrilməsinin nə dərəcədə uyğun gələcəyi müəyyənləşdirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti