...

Brüsseldə Azərbaycanın Aİ-yə gələcək inteqrasiyası müzakirə edilib

Siyasət Materials 2 İyun 2009 16:17 (UTC +04:00)
Brüsseldə Azərbaycanın Aİ-yə gələcək inteqrasiyası müzakirə edilib

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Avropa və Avroatlantika məkanına gələcək inteqrasiya perspektivləri Balçikada təşkil olunan "Azərbaycanın Avropa və Avroatlantika inteqrasiyası - gələcək perspektiv və tendensiyalar" elmi-praktik konfransında müzakirə edilib.

Azərbaycan diplomatiya xidmətinin 90 illiyinə həsr edilmiş konfrans Azərbaycanın Avropa İttifaqında Missiyası və NATO-dakı nümayəndəliyinin yardımı ilə Strateji Araşdırmalar İnstitutu tərəfindən təşkil olunub, çərşənbə axşamı Trend -a Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

Konfransın 1-ci hissəsinin gedişində Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Cənubi Qafqaz üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi Piter Semnebi, Aİ-nin Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissarının Kabinetinin üzvü Emma Udvin və Avropa Siyasət Mərkəzinin direktoru Amanda Akçakoça iştirakçılar qarşısında çıxış edib.

Məruzəçilər öz çıxışlarında Azərbaycanın müasir geosiyasi şəraitdə mövqeyinin vacibliyini qeyd ediblər və Azərbaycan rəhbərliyinin həyat sferasının müasirləşdirilməsi istiqamətində bir sıra strateji islahatlar keçirməsini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol layhələrinin reallaşdırılması vasitəsi ilə Azərbaycanın Avropa enerji təhlükəsizliyinə və regional əməkdaşlığa verdiyi konstruktiv töhfəni yüksək qiymətləndiriblər.

Tədbirin ikinci hissəsinin gedişində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, NATO Baş katibinin köməkçisi Jan Fransua Büro, Rumıniyanın NATO-dakı daimi nümayəndəsi Sorin Dukaru və NATO-nun Beynəlxalq Hərbi Qərargahının direktor müavini general-mayor Corc Lebl çıxış edib.

Konfransda aktiv müzakirələrin gedişində Azərbaycanın Avropa və Avroatlantika məkanına gələcək inteqrasiya perspektivləri, Avropa İttifaqı və NATO ilə ilk növbədə qarşılıqlı maraq kəsb edən və prioritet istiqamətlər üzrə praktik əməkdaşlığın dərinləşdirilməsi, münaqişələrin tənzimlənməsi, təhlükəsizlik və stabilliyin gücləndirilməsi, iqtisadiyyatın, ticarətin, nəqliyyatın və energetikanın inkişafı kimi məsələlər nəzərdən keçirilib.

Konfransda Aİ və NATO strukturlarının yüksək vəzifəli nümayəndələri, Brüsseldə fəaliyyət göstərən aparıcı elmi-araşdırma strukturlarının mütəxəssisləri, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti