...

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü adi formatda keçəcək – amerikalı həmsədr

Siyasət Materials 3 İyun 2009 11:04 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü adi formatda keçəcək – amerikalı həmsədr

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü adi formatda keçəcək, bu gün Bakıda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

"İlk növbədə iki ölkə prezidenti "tet-a-tet" görüşəcəklər, daha sonra həmsədrlər və xarici işlər nazirləri də onlara qoşulacaq",- Brayza bildirib.

Azərbaycan və Ermənistan liderləri iyunun 4-də Sankt-Peterburqda İqtisadi Forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək üçün görüşmək niyyətindədirlər.

Onun sözlərinə görə, Rusiya Prezidenti Dmitri Medvedevlə ayrıca görüşün keçirilməsi mümkün ola bilər, "bu, prezidentin özündən asılıdır".

Son dövrlər danışıqlar prosesində canlanma müşahidə olunub. Həmsədrlər "evin bünövrəsi qoyulub" deyərək, danışıqlarda irəliləyişlərin olmasını qeyd edirlər.

Mayın 7-də Praqa görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serş Sarkisyan arasında 4-cü görüş olub.

Əvvəlki görüş Sürixdə bu il yanvarın 28-də baş tutub. İlk görüş ötən ilin iyun ayında Sankt-Peterburqda keçirilib, ikinci ötən ilin noyabrının sonunda Moskvada keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti