...

Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakıda keçiriləcək toplantısının vaxtı müəyyənləşib

Siyasət Materials 4 İyun 2009 13:34 (UTC +04:00)
Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakıda keçiriləcək toplantısının vaxtı müəyyənləşib

Azərbaycan, Bаkı, 04 iyun / Trend , müxbir A.Hüseynbala /

Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti toplantısının vaxtı müəyyənləşib.

Trend -un məlumatına görə, bu barədə qərar Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrin parlament aparatları rəhbərlərinin (baş katiblərinin) cümə axşamı Azərbaycan parlamentindəki (Milli Məclis) görüşündə qəbul olunub. Toplantı bu il sentyabrın 28-29-da Bakıda keçiriləcək.

Trend -un arayışı: Ötən il İstanbulda keçirilən türkdilli dövlətlərin parlament başçılarının konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsis edilməsi barədə razılıq əldə olunub. Tədbirdə Özbəkistan və Türkmənistan iştirakdan imtina edib.

Bakıda keçirilən iclasda  Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev assambleyanın Baş Katibliyinin ofisinin Bakıda yerləşməsini təklif edib.

"Baş Katibliyin Bakıda yerləşməsi Azərbaycan üçün şərəf olardı", - Mirzəyev əlavə edib.

Assambleyanın üzvü olan digər dövlətlərin nümayəndələri bu təklifə etiraz etməsələr də, hələ ki qərar qəbul olunmayıb. Hazırda toplantı iştirakçıları qurumun Nizamnaməsini müzakirə edirlər. Müzakirələrin sonunda anlaşma protokolu imzalanacağı gözlənilir.

Milli Məclisdə keçirilən görüşdə Türkiyə, Qırğızıstan, Qazaxıstan və Azərbaycan parlamentləri aparatlarının rəhbərləri iştirak ediblər. Parlament Assambleyasına üzv olan ölkələrdən Özbəkistan və Türkmənistan parlamentləri aparatlarının rəhbərləri Bakıya gəlməyiblər.

Parlamentlərin aparat rəhbərləri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti