...

İranda prezidentliyə namizədlərdən Əhmədinejad hesablanmış səslərdən 63.36 faizini qazanıb (ƏLAVƏ OLUNUB-4)

Siyasət Materials 13 İyun 2009 08:42 (UTC +04:00)
İranda prezidentliyə namizədlərdən Əhmədinejad hesablanmış səslərdən 63.36 faizini qazanıb
(ƏLAVƏ OLUNUB-4)

Iranın Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, prezidentliyə namizədlərdən Mahmud Əhmədinejad hesablanmış səslərdən  63.36 faizini qazanıb. Bu barədə İran MSK sədri Kamran Daneşcu canlı yayında deyib, İRİNN xəbər kanalı məlumat yayıb.

Daneşcu həmçinin bildirib ki, hazırda Tehran da daxil olmaqla, İranın 346 şəhərində səslərin hesablanması başa çatdırılıb.

Məlumata əsasən, seçki qutularının 82 faizi artıq hesablanıb. 45 min 713 seçki məntəqəsindən artıq 37 500 səsvermə məntəqəsinin nəticələri MSK tərəfindən hesablanıb. Səsi sayılan seçicilərin hazırkı sayı 34 377 493-dür. 

Ən son məlumatlara görə, hazırkı Prezident Mahmud Əhmədinejad öndədir. O, 21 781 391 səslə seçicilərin 63.36 faizinin səsini qazanıb.

Növbəti yerlərdə isə 34.07 faiz səslə  Mir Hüseyn Musəvi (11 709 391 səs), 1.71 faizlə Möhsün Rezayi (587 913 səs),  0.87 faizlə Mehdi Kərrubi (298 798 səs) qərarlaşıb.

Daneşcunun sözlərinə görə, ölkə xaricindəki 136 seçki məntəqələrinin 131-də verilən səslər hesablanıb. Burada Əhmədinejad 71 509 səs, Rezayi - 3179, Karrubi - 3050, Musəvi - 85 353 səs toplayıb.

Seçkilərdə dünyanın 136 ölkəsində yaşayan İran vətəndaşları iştirak edib. Bu məqsədlə seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dünyanın müxtəlif ölkələrində 304 seçki məntəqəsi yaradılıb.

İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs İran İslam Respublikasının Rəhbəri tərəfindən təsdiqləndikdən sonra status əldə edir. İranın rəhbərindən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.

İran Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkədə hazırkı prezident seçkilərində 46 milyon 200 min nəfər səsvermə hüququna malik olub.

Prezidentliyə namizəd Mir Hüseyn Musəvinin seçki qərargahına məxsus olan "Qalam" saytının yaydığı xəbərə görə, Musəvi seçkilərin saxtalaşdırıldığını irəli sürərək özünün qalib elan edib. O həmçinin bildirib ki, səsvermə vaxtının uzadılmasına baxmayaraq, seçicilərin bir çoxu onda iştirak edə bilməyib. Saytda o da xəbər verilir ki, Musəvi İranın dini lideri Ayatulla Əli Xameneyiyə keçirilən seçkilərin nəticələri ilə bağlı etiraz məktubu da göndərib. IRNA dövlət agentliyinin məlumatına görə, İran polisi komandirinin müavini Əhmədrza Radan bildirib ki, səsvermənin nəticələrinin rəsmi şəkildə elan edilməsinə qədər icazəsi etiraz aksiyası və mitinqlərin keçirilməsi yasaqdır.

Xəbər lenti

Xəbər lenti