...

Heydər Əliyev Fondunun Strasburq Kafedral kilsəsinin təmirinə ayırdığı maliyyə yardımı Azərbaycanın Avropa mədəni irsinə verdiyi töhfədir - Strasburq meri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 İyun 2009 03:29 (UTC +04:00)
Heydər Əliyev Fondunun Strasburq Kafedral kilsəsinin təmirinə ayırdığı maliyyə yardımı Azərbaycanın Avropa mədəni irsinə verdiyi töhfədir - Strasburq meri (ƏLAVƏ OLUNUB)

Fransa, Strasburq, 22 iyun/ Trend , müxbir A. Məhərrəmli/

Heydər Əliyev Fondunun Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə ayırdığı maliyyə yardımını səxavətli bir jest və Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirirəm. Bu fikirləri Strasburq şəhərinin meri cənab Rolan Ris (Rolan Ries) 22 iyun 2009-cu il tarixində Strasburqda Heydər Əliyev Fondunun Strasburq Kafedral kilsəsinin tarixi şüşələrinin bərpası üçün ayırdığı maliyyə yardımının rəsmi təqdimat mərasimində çıxışı zamanı deyib.

"Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan öz mədəni irsinə diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də diqqət və qayğı göstərir. Orta əsrlərdə xristianlığın ən yüksək kilsəsi olan Strasburq Kafedral kilsəsi də Avropa mədəni irsinin bir parçasıdır Mədəniyyət sahəsində fəal iştirak edən Heydər Əliyev Fondu beynəlxalq arenada Azərbaycanın müsbət imicinin formalaşması və təşviqinə böyük diqqət göstərir. Bu təqdirəlayiqdir", - deyə Strasburq meri bildirib.

"Biz Azərbaycanla bağlı birgə bir sıra mədəni tədbirlər həyata keçirmişik. Azərbaycan Uşaq Xoru və Simfonik orkestri Strasburq kilsəsində konsert proqramı ilə çıxış edib. Hazırda Azərbaycanın ənənəvi olaraq hər il təşkil edilən Strasburq Yeni İl yarmarkasında fəxri qonaq statusunda iştirak etmək istəyi var. Biz bu layihəni yaxından nəzərdən keçiririk. Bu layihənin 2010-cu ildə təşkil ediləcək Yeni İl yarmarkasında gerçəkləşməsi mümkün ola bilər. Bu il yarmarkanın fəxri qonağı Rusiya olacaq", - Ris deyib.
Sonra çıxış edən Elzas regionun prefekti Pyer-Etyen Biş və Strasburqun Başyepiskopu Jan-Pyer Qrale Heydər Əliyev Fondunun həyata keçirdiyi bu aksiyanı, onun Avropa mədəni irsinin bir hissəsi olan Strasburq kafedral kilsəsinin təmirinə görə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmiş və Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissini ifadə etmişlər. Elzas regionunun prefekti çıxışında Fransanın mədəniyyət və kommunikasiya naziri xanım Kristin Albanelin adından Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi xeyriyyə aksiyası Strasburq Kafedral kilsəsinin XİV əsrə aid olan beş pəncərə şəbəkəsinin bərpasına töhfə vermək məqsədi daşıyır. 1320-1340-cı illərdə salınmış bu şüşələrin üzərində Müqəddəs Məryəmin, və İsa peyğəmbərin həyatı əks olunub.

Sözügedən şüşələrin bərpasına dair tender 2007-ci ilin dekabr ayında elan edilmişdir. Bərpa işlərinə cari ilin iyul ayında start veriləcəkdir. Bərpa işləri uç il davam edəcək. Ümumi məbləği 1,5 milyon təşkil edən layihənin əsas hissəsi xarici və özəl donorlar, çatışmayan hissəsi isə tarixi abidənin sahibi olan dövlət tərəfindən maliyyələşdiriləcək.

Heydər Əliyev Fondu həmçinin Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin də bərpasına maliyyə yardımı göstərib.

Məlumat üçün qeyd etmək lazımdır ki, Strasburq Kafedral kilsəsinin əsası 1015-ci ildə Verner dö Habsburq tərəfindən qoyulub. Bir çox yanğın hadisələrindən sonra abidənin yenidən qurulması işlərinə XII əsrin sonlarında başlanılıb və bir neçə əsr davam edib.

Xəbər lenti

Xəbər lenti