...

Azərbaycan müxalifətinin fəaliyyətinin böhran həddindən çıxarılması üçün vahid təşkilat yaradılmalıdır - deputat

Siyasət Materials 1 İyul 2009 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan müxalifətinin fəaliyyətinin böhran həddindən çıxarılması üçün vahid təşkilat yaradılmalıdır.

"Azərbaycanda siyasi partiyaların fəaliyyəti siyasi böhrana çatıb. Bu səbəbdən milli-demokratik qüvvələr ölkədəki vəziyyətə adekvat olan bir təşkilat yaratmalıdır", - çərşənbə günü Trend -a Demokratiya Uğrunda Ittifaqda (DUİ) təmsil olunan millət vəkili Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Azərbaycanın Müsavat Partiyasının başqanı İsa Qəmbər bir müddət əvvəl ölkənin müxalifyönlü siyasi partiya və ictimai təşkilatlarının yenidən Xalq Cəbhəsində birləşməsi təşəbbüsü ilə çıxış edib. Bir neçə müxalif partiyanın lideri isə bu ideyanın reallaşmasının mümkün olmadığını bildiriblər.

Hüseyn deyib ki, yeni birliyin yaranması üçün çox ciddi siyasi iradəyə ehtiyac var.

"Müsavat Partiyasının başqanı Xalq Cəbhəsinin bərpa edilməsi təklifi ilə çıxış edəndən sonra siyasi fəaliyyətlə məşğul olan, yaxud ictimai-siyasi proseslərdən kənarda qalan nüfuzlu şəxslər onunla görüşərək ideyanın reallaşması üçün ciddi dəstək verəcəklərini bildiriblər", - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, müxalifətin gələcək seçkilərdə birgə əməkdaşlığına nail olmaq üçün bir neçə ideya müzakirə olunur.

"Birgə konfrans baş tutarsa bələdiyyə və parlament seçkiləri ilə bağlı müxalifətin ümumi platforması hazırlanacaq", - Hüseyn əlavə edib.

Hüseynin sözlərinə görə, indiki şəraitdə siyasi partiyalardan kənarda mövcud olan müəyyən qurumların, yaxud ayrı-ayrı insanların da bir araya gəlməsinə ehtiyac var.

"Bütün qüvvələrin fəaliyyətini koordinasiya edəcək qurumun yaradılması ilə də bağlı müzakirələr aparılır. Mən də keçmiş Xalq Cəbhəsi kimi hərəkatın yaradılmasının tərəfdarıyam", - millət vəkili əlavə edib.

Onun sözlərinə görə, Azərbaycandakı siyasi partiyaların böyük hissəsinin mövcudluğu formal xarakter daşıyır.

"Bu partiyaların rəhbərliyində cəmləşən bir neçə bürokratlaşan funksionerlər müxalifətin birləşmək prosesinə ciddi əngəllər törədirlər. Problem tezliklə aradan qaldırılmalıdır, bu həm də siyasi sifarişdir", - Hüseyn bildirib.

Hüseyn deyib ki, fəaliyyət göstərməyən siyasi partiyaların bağlanması prosesi baş verərsə, bu, siyasi müxalifətin xeyrinə olacaq. "Bu zaman məcburi müəyyən inteqrasiya prosesləri başlayacaq. Fəaliyyətsiz partiyaların bağlanması demokratik böhranın da aradan qalxmasına təkan verə bilər", - millət vəkili vurğulayıb.

Trend -un arayışı: Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bu yaxınlarda Trend -a "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiklilərdə fəaliyyət göstərməyən partiyaların bağlanması ilə bağlı müddəanın da öz əksini tapacağını istisna etməyib.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Qanuna əlavə və dəyişikliklər üçün zərurətin yarandığı bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti