İranın ali lideri Ayətulla Əli Xameneyi İranda baş vermiş son hadisələrlə bağlı Qərb ölkələri liderlərinə xəbərdarlıq edib. Bu barədə İLNA agentliyi məlumat yayıb.
"Biz bu dövlətlərin hərəkətlər və bəyanatlar vasitəsilə etdikləri müdaxiləni nəzərə alaraq demək istəyirik ki, bu müdaxilə gələcəkdə İranla Qərb ölkələrinin münasibətlərinə mənfi təsir edəcək", - Xameneyi deyib.
O deyib ki, bəzi Qərb ölkələrinin liderləri prezident, baş nazir, xarici işlər naziri səviyyəsində İranın daxili işlərinə müdaxilə edirlər. Lakin sonra öz ölkələrinin İranın daxili siyasətinə müdaxiləsini inkar edirlər. İranın daxili işlərinə qarışmaqla onlar ölkə daxilində parçalanma yaratmaq məqsədi güdürlər.
"Qərb dövlətləri fikir söyləməzdən və addım atmazdan əvvəl ehtiyatlı olmalıdırlar. Çünki İran xalqı onlara qarşı mənfi reaksiya göstərə bilər", - Xameneyi əlavə edib.
Tehranda prezident seçkilərinin nəticələri elan olunandan sonra müxalifətlə güclü qarşıdurma yaranıb. İran MSK-nın məlumatına görə, qələbəni 66 faiz səs toplayaraq ölkə Prezidenti kimi fəaliyyət östərən Mahmud Əhmədinejad əldə edib. Məğlub olmuş rəqiblərdən biri - islahatçı Mir Hüseyn Musəvi hökuməti səsvermənin nəticələrini təhrif etməkdə ittiham edib və xalqı etiraz aksiyası keçirməyə çağırıb. Rəsmi məlumatlara görə, qarşıdurmada 20 nəfər, qeyri rəsmi məlumatlara görə isə 150 nəfər öldürülüb. Nümayişçilərdən 1032-si həbs olunub. Onların çoxu sonradan sərbəst buraxılıb.
İran hökuməti Qərb ölkələrini, xüsusilə də Böyük Britaniyanı 12 iyunda keçirilən prezident seçkilərindən sonra ölkədə gərginlik yaratmaqda və İranın daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.