...

Azərbaycan səfiri Şərqi Gürcüstanda seldən zərər çəkən, əsasən azərbaycanlıların yaşadığı kəndlərə baş çəkib

Siyasət Materials 4 Avqust 2009 20:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 avqust / Trend , müxbir N.Kirsxaliya /

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev çərşənbə axşamı Gürcüstanın Kvemo-Kartli regionunun Qardabani rayonunun əsasən azərbaycanlı və gürcülərin yaşadığı, leysan yağışları nəticəsində seldən ciddi zərər çəkmiş yaşayış məntəqələrinə baş çəkib.

Səfər Qaradabani rayon mərkəzinə, həmçinin ən böyük Nəzərli, Kosalı, Candar Vaxtanqisi kəndlərinə edilib. Təbii fəlakət bir neçə kənd və rayon mərkəzinin özünü əhatə edib. 3500-dən çox evin, həyətlərin yarıdan çoxunun tamamilə su basdığı Nəzərli və Kosalı kəndlərində yağış suyu çox evlərdə birinci mərtəbələri basıb. Kəndlilərin verdiyi məlumata görə, hadisə nəticəsində çoxlarının mal-qara və quşları ölüb, həyətyanı təsərrüfat və əkin sahələri yarıtmaz vəziyyətə düşüb. Onlardan çoxu evsiz qalıb və gecəni demək olar ki, küçələrdə keçirmək məcburiyyətində olublar. Digər kəndlərdə də eyni durum müşahidə olunur. Fəlakətin genişmiqyaslığı və hərəkətin çətinliyi səbəbindən əhaliyə, təsərrüfata və ətraf mühitə dəyən ziyanın dəqiq qiymətləndirilməsi mümkün deyil.

Trend -a Azərbaycanın Gürcüstandakı səfirliyindən deyilib ki, səfirlə görüş zamanı kəndlilər fəlakətin nəticələrinin aradan qaldırılması üçün çox az sayda texnika ayıran yerli rəhbərliyin diqqətsizliyindən şikayətləniblər. Faktiki olaraq rayonda epidemiya yaranması və yoluxucu xəstəliklərin yayılması təhlükəsi ortaya çıxıb. Durumu ekoloji və sanitar fəlakətə yaxın kimi qiymətləndirmək olar.

Yaranan durumda Azərbaycan səfirliyi Gürcüstan Prezidenti və Kvemo-Kartli qubernatoruna əhaliyə təbii fəlakətin qarşısının alınmasında kömək etmək, zərərçəkənlərə maliyyə yardımı etmək, fəlakət nəticəsində zərərçəkənlərə kompensasiyalar ödənilməsi məsələsini nəzərdən keçirmək barədə xahişlə müraciət edib.

Səfirlik Gürcüstan hökumətinin müraciəti zamanı təbii fəlakətin gələcək inkişafının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması üçün texnika yardımı etməyə hazır olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti