Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir D.Xatınoğlu /
Musəvi və digər islahatçı liderlərin məhkəməyə verilməsi və həbsi üçün kifayət qədər sübutlar, sənədlər və faktlarımız var. Bu barədə İran Parlamentinin Təhlükəsizlik komissiyasının vitse-prezidenti İsmayıl Kövsəri Trend -a bildirib.
Kövsəri bildirib ki, nə zaman İran hökuməti qərar qəbul etsə, o zaman da əlimizdə olan sənədlər və sübutlarla "iğtişaşların rəhbərləri" məhkəməyə veriləcək.
İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə etiraz olaraq, müxalifət mütəmadi şəkildə aksiyalar həyata keçirib. İslahatçılar düşərgəsindən olan prezidentliyə keçmiş namizədlər Mehdi Kərrubi və Mir Hüseyn Musəvi seçkilərdə "geniş saxtakarlıq" olduğunu iddia edərək, prezident seçkilərinin yenidən keçirilməsini tələb ediblər. Aksiyalarda 1200-dən çox iştirakçı həbs olunub və ölənlərin sayı, rəsmi məlumata əsasən, 30 nəfərdir.
Kövsəri bildirib ki, Qərb ölkələrinin iğtişaşlarda rolu və müxalifət liderləri ilə əlaqəsi rəsmi Tehrana tam aydındır. "Qərbin insan haqları, demokratiya və digər şüarlar altında İran üçün hansı plan hazırladığı artıq məlumdur", - Kövsəri bazar ertəsi telefonla Tehrandan bildirib.
Şənbə günü Tehran Şəhər Məhkəməsində İranda prezident seçkilərindən sonra yaranmış gərginliklər zamanı həbs olunmuş şəxslərin ikinci məhkəmə prosesi başlayıb. Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, partlayıcı qurğu qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə qəsdən hücum etməkdə, eləcə də universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri və informasiyaları xarici mətbuata ötürməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda ittiham olunurlar.
Məhkəmə prosesində ittiham olunanlar arasında Ris adlı fransalı qadın və Fransanın Tehrandakı səfirliyinin əməkdaşı xanım Duk Əfşar da var.
Kövsəri bildirib ki, həbsdə olanlar Qərbdən əmr aldıqlarını etiraf ediblər. Qərb özü də bunu bilir və çalışır ki, müxtəlif bəhanələr və bəyanatlarla özünə bəraət qazandırsın.
Şənbə günü Böyük Britaniyanın Tehrandakı səfirliyinin analitiki Hüseyn Rəssam məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul edib. Lakin müşahidəçilərin bir qismi etirafların "təzyiq, hədə və işgəncə" altında alındığını düşünür. Britaniya XİN Rəssamın məhkəməsini "təhqir" adlandıraraq, onun azadlığa buraxılmasını tələb edib.
Avgustun 9-da isə Avropa Birliyi bəyanat yayaraq bildirib ki, Britaniya səfirliyi əməkdaşının həbsi yalnız rəsmi Londonun yox, bütün Avropa Birliyinin əleyhinə olan addımdır.
Kövsəri hesab edir ki, Qərb İranın daxilində "çevriliş amilləri" hazırlayıb və müxtəlif vasitələrlə ölkənin daxili işlərinə müdaxilə edir. "Rəsmi Tehran Qərbin bütün "oyunlarını" ifşa edəcək və beynəlxalq ictimaiyyət özü faktlara əsaslanaraq bununla bağlı hakimlik edəcək", - Kövsəri bildirib.
Parlamentin Təhlükəsizlik komissiyasının vitse-prezidenti əlavə edib ki, rəsmi Tehran siyasi, diplomatik və iqtisadi sahədə Qərb ilə münasibətlərinə yenidən baxacaq və lazım gələrsə, Qərblə münasibətlər məhdudlaşdırılacaq.
Fransanın xarici işlər naziri Bernar Kuşner bildirib ki, Fransanın Tehrandakı səfirliyinin qapısı aksiyalar zamanı sığınmaq istəyən istənilən adamın üzünə açıq olub. Kuşner bu addımı "Fransa diplomatiyası" adlandıraraq, İranın daxili məsələlərinə müdaxilə kimi dəyərləndirməyib.
Avqustun 10-da isə, Musəvinin seçki Kampaniyasının rəhbəri Qurban Behzadiyannejad kampaniyasının hansısa bir xarici qüvvə ilə əlaqədə olduğunu təkzib edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Musəvini məhkəməyə vermək üçün lazımi sübutlar var - İran Parlamentinin Təhlükəsizlik komissiyasının vitse-prezidenti
Musəvi və digər islahatçı liderlərin məhkəməyə verilməsi və həbsi üçün kifayət qədər sübutlar, sənədlər və faktlarımız var. Bu barədə İran ParlamentininTəhlükəsizlik komissiyasının vitse-prezidenti İsmayıl Kövsəri Trend News-a bildirib.