...

"Buket" gəmisində işləyən dörd Azərbaycan vətəndaşı Gürcüstanda məhkəməyə cəlb olunacaq

Siyasət Materials 18 Avqust 2009 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir C.Babayeva /

Gürcüstanın hüquq-mühafizə orqanları ölkənin dövlət sərhədinin dəfələrlə qeyri-qanuni keçilməsi şübhəsi ilə, sərhəd polisinin sahil mühafizə xidməti tərəfindən saxlanılmış "Buket" gəmisində çalışan dörd azərbaycanlıya qarşı cinayət işi açıb. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov Gürcüstan DİN-dən əldə edilən rəsmi informasiyaya istinadən bildirib.

Gürcüstanın sərhəd polisinin sahil mühafizə xidmətinin əməkdaşları ölkənin dövlət sərhədinin dəfələrlə qeyri-qanuni keçilməsi və işğal olunmuş əraziyə daxil olmaq qaydalarının pozulması şübhəsi ilə, Panama bayrağı altında üzən "Buket" gəmisini saxlayıb.

Tanker türk limanından Suxumiyə istiqamət alıb. Onun göyərtəsində 2000 ton benzin və 700 ton dizel yanacağı olub. Bu yanacaq kontrabanda yolu ilə Abxaziya Muxtar Respublikasına çatdırılmalı imiş. "Buket" saxlanılıb və sahil xidmətinin məskunlaşma bazası olan Poti limanına aparılıb.

Gəmi ekipajı 17 nəfərdən ibarətdir. Onlardan 13-ü Türkiyə, dördü Azərbaycan vətəndaşıdır.

Poluxov deyib ki, Gürcüstan DİN-in məlumatına görə, Azərbaycan vətəndaşları Tariyel Nəsirov (1968-ci il təvəllüdlü), Əsgər Əsgərov (1977), Vüsal Həmzəyev (1985) və Əkrəm Zamanov (1981) barəsində Gürcüstan CM-nin 132-ci maddəsinin ikinci bəndi üzrə cinayət işi açılıb.

Hazırda Azərbaycan vətəndaşları yaxın zamanda baş tutacaq məhkəmənin qərarını gözləyirlər.

"Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları onlarla əlaqə saxlamağa çalışırlar", - Poluxov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti