ABŞ, Vaşinqton, 20 avqust / Trend , müxbir N.Boqdanova /
"Rusiya və ABŞ münasibətlərinin "yenidən yüklənməsi", bu münasibətlərin qiyməti Gürcüstan və Ukrayna kimi ölkələrdirsə, mümkün deyil", - Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliya hesab edir.
"ABŞ-ın prezidenti, vitse-prezidenti, dövlət katibi və başqa yüksək vəzifəli şəxslər dəfələrlə qeyd ediblər ki, "yenidən yüklənmə", bu münasibətlərin qiyməti Gürcüstan və Ukrayna kimi ölkələrdirsə, mümkün deyil", - Trend -a Kuteliya bildirib.
ABŞ və Rusiya arasında münasibətlərin istiləşməsi və "yenidən yüklənmə"yə rəğmən, tərəflər arasında 2008-ci ilin avqustu ilə bağlı bir çox fikir ayrılıqları mövcuddur.
"Biz RF Prezidenti ilə Gürcüstan məsələsini müzakirə etdik, - iyul ayında Moskvaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Obama bildirib. - Və mən Gürcüstanın suverenliyi, ərazi bütövlüyünə hörmətlə yanaşmaq barədə əminliyimizi bir daha təkrarladım. Biz Gürcüstanın hazırkı sərhədləri ilə razı deyilik, amma hərbi münaqişədə də maraqlı deyilik. Bütün bu məsələlər həll olunmalıdır".
Tanınmamış Cənubi Osetiya Respublikasında hərbi əməliyyatlar ötən il avqustun 8-də başlayıb. Gürcü qoşunları paytaxt Sxinvaliyə daxil olub, daha sonra rus ordusu şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıb. Avqustun 26-da Rusiya rəsmi olaraq Gürcüstanın tərkibinə daxil olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik əlaqələr qurub. Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik münasibətləri kəsərək, iki tanınmamış ərazini işğal olunmuş ərazilər elan edib.
"Yenidənyükləmə" düyməsi artıb basılıb və Rusiyanın ABŞ və digər ölkələr üçün məsul tərəfdaşa çevrilməsi bizim əsas maraqlarımıza cavab verir", - Kuteliya hesab edir.
Diplomatın sözlərinə görə, yaxın zamanlarda strateji tərəfdaşlıq məsələləri üzrə Gürcüstan-ABŞ komissiyası işə buraxılacaq.
"Bizim ikitərəfli əməkdaşlığımız dərinləşir və genişlənir, - Kuteliya qeyd edib. - Gürcüstan beynəlxalq cəmiyyətin məsul üzvüdür və beynəlxalq cəmiyyətin Gürcüstanın işğal olunmuş ərazilərinin tanınmaması siyasətinin möhkəm tərəfdarı olması da vacibdir".
"Gürcüstanın suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüquqla təmin olunur", - o əlavə edib.
"Heç bir ölkə digər ölkənin beynəlxalq səviyyədə tanınmış hüquqlarını dəyişmək hüququna malik deyil", - Kuteliya bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]