...

Azərbaycanın birinci xanımı Buxarestdə "Doina Levintza" sərgi salonunda və Lulia Haşdeu adına Milli Kollecdə olub

Siyasət Materials 28 Sentyabr 2009 20:15 (UTC +04:00)
Burada Mehriban xanımı yaradıcılıq evinin kollektivi səmimiyyətlə qarşılayıb. Sərgi salonu ilə yaxından tanış olan Mehriban xanım Əliyevaya məlumat verilib ki, 1987-ci ildən fəaliyyət göstərən bu sənət ocağında Rumıniyanın tanınmış dizaynerlərinin, moda ustalarının, rəssamların və digər sənətkarların əl işləri nümayiş olunur. Eyni zamanda, yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərən salonda teatr tamaşaları, kinofilmlər və müxtəlif mərasimlər üçün kostyumlar hazırlanır. Salonun zəngin ekspozisiyasına qədim və yeni ev əşyaları, çantalar, ayaqqabılar, bəzək ləvazimatı, aksesuarlar daxildir. Çay süfrəsi arxasında söhbət zamanı Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti, o cümlədən incəsənəti haqqında danışıb.
Azərbaycanın birinci xanımı Buxarestdə "Doina Levintza" sərgi salonunda və Lulia Haşdeu adına Milli Kollecdə olub

Sentyabrın 28-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Buxarestdə "Doina Levintza" sərgi salonunda olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Burada Mehriban xanımı yaradıcılıq evinin kollektivi səmimiyyətlə qarşılayıb. Sərgi salonu ilə yaxından tanış olan Mehriban xanım Əliyevaya məlumat verilib ki, 1987-ci ildən fəaliyyət göstərən bu sənət ocağında Rumıniyanın tanınmış dizaynerlərinin, moda ustalarının, rəssamların və digər sənətkarların əl işləri nümayiş olunur. Eyni zamanda, yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərən salonda teatr tamaşaları, kinofilmlər və müxtəlif mərasimlər üçün kostyumlar hazırlanır. Salonun zəngin ekspozisiyasına qədim və yeni ev əşyaları, çantalar, ayaqqabılar, bəzək ləvazimatı, aksesuarlar daxildir. Çay süfrəsi arxasında söhbət zamanı Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti, o cümlədən incəsənəti haqqında danışıb.

Mehriban xanım yaradıcılıq evinin xatirə kitabına ürək sözlərini yazıb. Azərbaycanın birinci xanımına yaradıcılıq evinin kataloqları hədiyyə edilib. Rumıniya Prezidentinin xanımı Mariya Besesku sərgi salonu ilə tanışlıq zamanı Mehriban xanım Əliyevanı müşayiət edib.

Mehriban Əliyeva daha sonra Buxarestdəki Lulia Haşdeu adına Milli Kollecdə olub. Məktəbli qızlar Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim ediblər. Şagirdlər Azərbaycan və Rumıniyanın dövlət himnlərini oxuyublar.

Sonra Mehriban xanım Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə təşkil edilmiş kompüter otağına baxıb.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi Lulia Haşdeu adına Milli Kollecə 30 kompüter dəsti və bir proyektor hədiyyə edib. Kompüterlərin hamısının internetə çıxışı var. Kompüter otağı Azərbaycana aid əyani vəsaitlə təmin edilib.

Məktəbin kollektivini kompüter otağının istifadəyə verilməsi münasibətilə təbrik edən Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Mehriban xanım deyib ki, Fondun dəstəyi ilə Azərbaycanda 300-dən çox məktəb binası tikilib. Lulia Haşdeu adına Milli Kollecdə yaradılmış kompüter otağı Heydər Əliyev Fondunun beynəlxalq sahədə fəaliyyətinin daha bir göstəricisidir.

Mehriban xanım Əliyeva diqqətə çatdırıb ki, bu, Heydər Əliyev Fondunun Rumıniyada təhsillə bağlı həyata keçirdiyi sonuncu layihə deyil. Fondun təşkilatçılığı ilə yaxın vaxtlarda bir neçə rumın məktəbli Azərbaycana səfər edəcək, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olacaq. Azərbaycana səfər edəcək məktəblilər arasında Lulia Haşdeu adına Milli Kollecin şagirdləri də var. Eyni qaydada, bir neçə azərbaycanlı məktəbli Rumıniyaya səfər edəcək. Təhsil ocağının kollektivi adından Mehriban xanım Əliyevaya xatirə hədiyyəsi təqdim edib.

Göstərdiyi dəstəyə görə Mehriban xanıma minnətdarlıq edən məktəbin direktoru və Rumıniya Təhsil Nazirliyinin nümayəndəsi Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndiriblər. Məhz Heydər Əliyev Fondunun dəstəyi nəticəsində Lulia Haşdeu adına Milli Kollec Buxarestdə ən müasir kompüter sinfi olan məktəbdir.

Onlar ümidvar olduqlarını bildiriblər ki, Heydər Əliyev Fondu Rumıniyada təhsillə bağlı layihələrini davam etdirəcək.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Buxarestə yenidən səfər etməyindən məmnunluğunu bildirirək, qonaqpərvərliyə, xoş münasibətə görə təşəkkür edib. Azərbaycanın birinci xanımı əmin olduğunu bildirib ki, dost ölkələrimiz və xalqlarımız arasında əlaqələr bundan sonra da inkişaf edəcək.

Mehriban xanıma bir daha minnətdarlıq edən məktəblilər deyiblər ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış kompüter otağı onların təhsildə yeni-yeni uğurlar qazanmalarına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti