...

Azərbaycan MSK müxalifət partiyası nümayəndələrinin müraciətini əsassız hesab edib (YENİLƏNİB)

Siyasət Materials 11 Yanvar 2010 11:42 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası müxalifət partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin müraciətlərinin əsassız olduğunu təsdiqləyən faktlar əldə edib.
Azərbaycan MSK müxalifət partiyası nümayəndələrinin müraciətini əsassız hesab edib (YENİLƏNİB)

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) müxalifət partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin müraciətlərinin əsassız olduğunu təsdiqləyən faktlar əldə edib.

"Müraciətlərdə göstərilən halların bir hissəsinin araşdırılması səlahiyyəti dairə seçki komissiyalarına həvalə edilib", - bazar ertəsi Trend -a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirilib.

61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiayasının katibi, Ümid Partiyasının təmsilçisi Anar Məmmədov öz izahatında göstərib ki, bələdiyyə seçkiləri zamanı seçki dairəsinin heç bir məntəqəsindən seçki qutuları seçki dairəsinə gətirilməyib, qutular məntəqələrdə açılaraq səslər hesablanıb, dairəyə yalnız yekun protokol təqdim edilib. "Seçki dairəsinin məntəqələrində Ümid Partiyasını təmsil edən 1 saylı seçki məntəqəsinin katibi M.Talıbova, 8 saylı seçki məntəqəsində komissiya üzvü Şölə Quliyeva, 26 saylı məntəqədə seçki komissiyasının katibi İlqar Nağıyev, 5 saylı seçki məntəqəsində Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən məntəqə seçki komissiyasının katibi Abhüseyn Əliyev izahat verərək göstəriblər ki, seçki məntəqəsində səsvermə Seçki Məcəlləsinə uyğun olaraq aparılıb, səsvermə başa çatdıqdan sonra seçki qutuları məntəqədə açılıb, bülletenlər hesablanıb və yekun protokol tələb olunan sənədlərlə birlikdə məntəqə seçki komissiyasının sədri və katiblərinin iştirakı ilə dairə seçki komisssiyasına təhvil verilib", - məlumatda vurğulanır.

29 saylı Səbail seçki dairəsinin 30 saylı seçki məntəqəsində seçki komissiyasının katibi, Ümid Partiyasının təmsilçisi İftixar Mütəllimov yanvarın 4-də imzaladığı aktla məntəqədə seçki qutusuna topa halında bülleten atılması faktının olmamasını təsdiq edib. Həmin dairənin 1 saylı seçki məntəqəsində öz təşəbbüsü ilə müşahidəçi olmuş Murad Mirzəyev, Vətəndaş Birliyi Partiyasından Rəşad Əliyev, Ana Vətən Partiyasından Məzahir Fərzəliyev və digərləri səsvermənin şəffaf və demokratik keçirildiyini göstəriblər.

57 saylı Kürdəmir seçki dairəsinin məntəqə seçki komissiyalarında Ümid Partiyasını təmsil edən komissiya katibləri və üzvləri Şakir Ağaməmmədov, Əlmərdan Əhmədov, Cavid Muxtarov, Yaqut Baxışova, Əhmədağa Məmmədov, Mehriban Heydərova, Yadigar Şirəliyev, Eyni Ağammədov öz izahatlarında seçki məntəqəsində səsvermə günü Seçki Məcəlləsinin tələblərinə riayət olunmasını, səsvermə başa çatdıqdan sonra seçki qutularının məntəqədə açılaraq bülletenlərin sayılmasını və yekun protokolun tələb olunan sənədlərlə birlikdə məntəqə seçki komissiyasının sədri və katiblərinin iştirakı ilə dairə seçki komisssiyasına təhvil verilməsini qeyd ediblər.

63 saylı Sabirabad birinci və 64 saylı Sabirabad ikinci seçki dairələrinin məntəqə seçki seçki komissiyalarında Milli Məclisdə azlıqda olan siyasi partiyaları təmsil edən komissiya üzvlərindən, müşahidəçilərdən və seçilməmiş namizədlərdən alınan 50-yə qədər izahatla müraciətdə həmin dairələr üzrə göstərilənlərin əsassızlığı öz təsdiqini tapıb.

Eyni zamanda, 81 saylı Beyləqan və 114 saylı Şəki kənd birinci seçki dairələri dairə seçki komissiyalarının əhatə etdikləri məntəqələr üzrə maraqlı subyektlərdən alınan çoxsaylı izahat və aktlarla müraciətdə göstərilənlər təkzib olunub.

Araşdırma nəticəsində əldə edilən çoxsaylı sübutlar Ümid Partiyasının müraciətində göstərilənlərin real həqiqətə uyğun olmadığını, konkret faktlara söykənməyərək əsassız olduğunu təsdiq etməklə müraciətin təmin edilməməsi üçün əsaslar yaradıb.

Xəbər lenti

Xəbər lenti