...

Azərbaycan Parlamentinin deputatları ATƏT PA-nın sədri ilə görüşüblər

Siyasət Materials 19 Fevral 2010 15:30 (UTC +04:00)
"ATƏT Parlament Assambleyasının sədri Joao Suareş və assambleyanın Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə görüşdə onların martın əvvəllərində Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb", - cümə günü Trend News-a Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib.
Azərbaycan Parlamentinin deputatları ATƏT PA-nın sədri ilə görüşüblər

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları ATƏT PA-nın sədri ilə görüşüblər.

"ATƏT Parlament Assambleyasının sədri Joao Suareş və assambleyanın Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə görüşdə onların martın əvvəllərində Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb", - cümə günü Trend -a Avstriyanın paytaxtı Vyanadan telefonla Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib.

Quliyevin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul olunan qətnamələrin icra mexanizmlərinin hazırlanması üçün irəli sürdüyü təklif Suareş və Lenmarkerin ölkəmizə səfəri zamanı bir daha müzakirə olunacaq. "Mən assambleyanın qış sessiyasının fevralın 18-də keçirilmiş iclasında Dağlıq Qarabağ üzrə məruzəçi Lenmarkerin qətnamələrin konkret icra mexanizmləri ilə bağlı təkliflər hazırlamasını təklif etmişəm. Ermənistan ərazilərin işğaldan azad olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və beynəlxalq hüquq normalarının tələblərini kobudcasına pozub. ATƏT PA-nın sədri və xüsusi məruzəçi ilə bu istiqamətdə müzakirələr Bakıda davam etdiriləcək", - millət vəkili əlavə edib.

Onun fikrincə, assambleyanın yayda Osloda keçiriləcək illik yığıncağında münaqişə ilə bağlı ayrıca bir qətnamənin hazırlanması da mümkündür. "Suares və Lenmarkerin Azərbaycana səfərlərindən sonra buna tam aydınlıq gətiriləcək", - o xatırladıb.

Quliyev deyib ki, İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miqliori ilə görüşdə də bu məsələ müzakirə ediləcək. "Çünki o, bizim komitədə xüsusi məruzəçidir və bizim təklifimizin reallaşmasında ciddi rol oynaya bilər", - millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, sessiya zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova Avstriya Parlamentinin sədr müavini ilə görüşüb. "İkitərəfli görüşlərimiz davam edir və hər bir görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparırıq", - Quliyev qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti