...

Azərbaycan-Fələstin münasibətlərində yeni tarixi məqam yetişib - səfir Əsəd əl-Əsəd

Siyasət Materials 24 Fevral 2010 11:18 (UTC +04:00)
Bakıda Fələstin səfirliyinin açılması iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Bu barədə Fələstin administrasiyasının Özbəkistandakı səfiri və Azərbaycanda akkreditə olunmuş səfir Əsəd əl-Əsəd bildirib.
Azərbaycan-Fələstin münasibətlərində yeni tarixi məqam yetişib - səfir Əsəd əl-Əsəd

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir Ü.Sadıxova/

Bakıda Fələstin səfirliyinin açılması iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Bu barədə Fələstin administrasiyasının Özbəkistandakı səfiri və Azərbaycanda akkreditə olunmuş səfir Əsəd əl-Əsəd bildirib.

"Azərbaycan-Fələstin münasibətlərinin möhkənlənməsi üçün tarixi məqam yetişib",- əl-Əsəd Trend -a bildirib. "Səfirliyin açılması məsələsi ilkin mərhələdədir. Lakin biz ümid edirik ki, bu, tezliklə həll ediləcək və prezident Mahmud Abbas səfirliyin açılışı mərasimində iştirak edə biləcək".

Bakıda Fələstin səfirliyinin açılması məsələsi Fələstin administrasiyasının XİN başçısı Riyad-əl Malikinin ötən il oktyabrın sonlarında Azərbaycana ilk səfəri zamanı müzakirə edilib.

Əl-Əsədin sözlərinə görə, Azərbaycanda Fələstinin ilk rezident-səfirinin təyin olunması səfirliyin binası və səfirin iqamətgahı ilə bağlı məsələnin həllindən sonra real olacaq.

"Dörd ay ərzində biz Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Azərbaycan Prezidentinin fərmanına əsasən Fələstin səfiri üçün bina və iqamətgahın ayrılmasına dair danışıqlar aparırıq",- deyə əl-Əsəd vurğulayıb.

Onun sözlərinə görə, Fələstin rəhbərliyi ümid edir ki, Bakıda səfirliyin açılması ilə Fələstin və Azərbaycan arasında siyasi və iqtisadfi əlaqələr "möhkəmlənəcək və genişlənəcək".

"Fələstin rəhbərliyi Azərbaycana xüsusi diqqət yetirir. Odur ki, mövcud münasibətlərin möhkəmləndirilməsi və inkişafı vacibdir",- əl-Əsəd bildirib. "Bundan ötrü biz Azərbaycanla mükəmməl diplomatik münasibətlər qurmaq niyyətindəyik və səfirlik və səfirin iqamətgahı üçün torpağın ayrılması ilə bağlı Prezident İlham Əliyevin qərarını yüksək qiymətləndiririk".

Əl-Əsəd həmçinin Fələstin administrasiyasının Prezidenti Mahmud Abbasın Azərbaycana qarşıdakı səfərini Bakıda səfirliyin fəaliyyətə başlaması ilə əlaqələndirir.

Siyasi münasibətlərə dair məsələyə toxunan əl-Əsəd deyib ki, hər iki tərəf ümumi işğal siyasətindən əziyyət çəkir.

"Əgər Azərbaycan və Fələstindəki işğal probleminə baxsaq, bu zaman dərhal onların ümumi mahiyyətini aşkar etmək olar. Mən hesab edirəm ki, Azərbaycanın Cənubi Qafqazda güclü iqtisadi və siyasi mövqeyə malik olmasını və Bakının İsrail ilə yaxşı münasibətlərinin olmasını nəzərə alaraq Azərbaycan Fələstin probleminin həllində müəyyən rol oynaya bilər", - əl-Əsəd deyib.

Səfirin sözlərinə görə, Yaxın Şərqdəki problemin həllində fələstinlilər Ərəb və İslam ölkələrinə böyük ümid bəsləyir, amma tarixin göstərdiyi kimi, Qərb ölkələri, o cümlədən ABŞ İsrailə dəstək verməyə çox meyillidir.

"Fələstin xalqının güclü iradəsi və istəyi var və biz müstəqil dövlət yaratmağa dair yolun sonuna kimi gedəcəyik", - əl-Əsəd deyib. O hesab edir ki, İslam Konfransının üzvü kimi Azərbaycan və Fələstin islam dünyasının ümumi məqsədlərini həyata keçirməlidir, həm Dağlıq Qarabağ münaqişəsinin, həm də Fələstin probleminin həllində əməkdaşlıq etməlidir.

Digər tərəfdən, əl-Əsəd hesab edir ki, Ərəb ölkələri, xüsusilə də Ermənistan ilə möhkəm əlaqələri olan ərəb ölkələri həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər.

Onun sözlərinə görə, bəzi ərəb ölkələri və Ermənistan arasında gərginləşən əlaqələrdən Dağlıq Qarabağ münaqişəsinin və azərbaycanlı qaçqınların problemlərinin həlli üçün istifadə etmək olar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti