...

BƏƏ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Siyasət Materials 26 Fevral 2010 18:31 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. Mərasim iştirakçıları erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri əks etdirən fotostendlərlə tanış olublar.
BƏƏ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. Mərasim iştirakçıları erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri əks etdirən fotostendlərlə tanış olublar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

2010-cu ilin yanvarında İslam Konfransı Təşkilatı Parlament Birliyinın üzvləri İKT Gənclər Forumu əlaqələndiricisi ilə birgə qətnamə qəbul edib. Həmin qətnamədə Xocalı faciəsi erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı kimi qiymətləndirilib.

Qeyd edilən qətnamə BƏƏ Xarici İşlər Nazirliyinə göndərilib.

Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə Azərbaycanın səfiri Elxan Qəhrəmanov, diplomatik korpusun nümayəndələri, BƏƏ-də yaşayan Azərbaycan vətəndaşları və Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri iştirak edib.

Mərasimdə iştirak edən Dövlət Komissiyasının nümayəndəsi Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti, Xocalı soyqırımını törədənlər və bu faciə nəticəsində öldürülmüş, əsir və girov götürülmüş, itkin düşmüş şəxslər haqqında ətraflı məlumat verib.

Tədbirin sonunda Xocalı faciəsi haqqında film nümayiş etdirilib və Heydər Əliyev Fondu tərəfindən çap edilmiş ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən kitablar tədbir iştirakçılarına paylanılıb.

Xəbər lenti

Xəbər lenti