Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir M.Əliyev/
Azərbaycanın Xocalı və Çexiyanın Lidiçe şəhərlərinin qardaşlaşmış şəhərlər
elan edilməsi gələn il baş tuta bilər. Trend -un məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin deputatı Gülər Əhmədova bildirib.
"Azərbaycanlı deputatlar növbəti il üçün Xocalı və Lidiçenin qardaşlaşmış şəhərlər olması üçün öz səylərini göstərəcəklər", - Əhmədova bildirib.
Millət vəkilinin sözlərinə görə, fevralın 18-27-si Çexiya və Belarusa səfər edən Azərbaycan Milli Məclisinin nümayəndə heyəti həmin ölkələrin ali məktəblərində müəllim və professor heyəti ilə görüşlər keçirib.
"Təqdim etdiyimiz məlumatlar əsasında Çexiya alimləri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar barədə elmi əsərlər, publikasiyalar hazırlayacaqlarını bildiriblər", - Əhmədova deyib.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq mühasirədə qaldığından, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000-ə yaxın müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.
Hazırda Xocalı şəhəri Ermənistanın işğalı altındadır.