...

Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyəti Ankarada səfərdədir

Siyasət Materials 1 Aprel 2010 00:55 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gəlib
Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyəti Ankarada səfərdədir

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gəlib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ankaranın Esenboğa hava limanında nümayəndə heyətini Türkiyə Prezidenti katibliyinin baş katibi Mustafa İsen, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov qarşılamışlar.

Azərbaycanın nümayəndə heyəti Anıtqəbirə gəldi. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoyuldu. Sonra Ramiz Mehdiyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı və Anıtqəbirdəki muzeylə tanış oldu.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Türkiyə Milli Təhlükəsizlik Şurasında qurumun baş katibi Sərdar Kılıç ilə görüşdü. Görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcanla görüşdü. Azərbaycandan gəlmiş hörmətli qonaqları salamlayan Murad Mərcan bildirdi ki, Türkiyədə iqtidar və müxalifətdə olmağından asılı olmayaraq, bütün deputatlar qardaş Azərbaycanın problemlərini öz problemləri kimi dəyərləndirirlər.

Ramiz Mehdiyev bildirdi ki, bu gün öz Vətəninə gəlib və burada öz qardaşları ilə görüşür.

"Ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamının arxasında dərin mahiyyət dayanır. Bu, ilk növbədə türk xalqlarının tarixi keçmişi ilə bağlıdır. Biz həqiqətən bir millətik. Sadəcə, tarixi proseslər iki dövlətin yaranmasına səbəb olmuşdur. Bu gün dövlətlərimiz arasında əlaqələr ən yüksək zirvədədir. Burada qardaşlarımla fikir mübadiləsi aparmaq, söhbət etmək mənə çox xoşdur", - Ramiz Mehdiyev deyib.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti daha sonra Ankaradakı Qazi Universitetinə gəldi. Universitetin rektoru Rıza Ayhan qonaqlara bu ali təhsil ocağı barədə ətraflı məlumat verdi. Universitetlə tanışlıqdan sonra Ramiz Mehdiyev konfrans zalında "Azərbaycanın müasir vəziyyəti və Azərbaycan-Türkiyə əlaqələri" mövzusunda məruzə etdi. Natiq bildirdi ki, müstəqil Azərbaycanın dövlət quruculuğu 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlamışdır.

"İqtisadi yüksəlişin təməlini qoyan "Əsrin müaqviləsi" imzalandıqdan sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi güclənmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev bütün varlığıı ilə öz xalqına xidmət göstərir. Dövlətimizin başçısı bütün ölkə həyatının modernləşməsi, iqtisadi və siyasi sistemin Avropa standartları səviyyəsinə qaldırılması, rəqabətədavamlı innovasiyalı cəmiyyət quruculuğunu prioritet sahələr elan etmişdir. Azərbaycan Cənubi Qafqazın ən dinamik inkişaf edən ölkəsidir və ümumi daxili məhsulun artım həcminə görə dünyada da liderdir. Xarici siyasət isə balanslaşdırılmış təməldə aparılır. Bu siyasətdə qardaş Türkiyənin xüsusi yeri vardır. Bizim münasibətlərimizin regionda və dünyada analoqu yoxdur. Müstəqilliyinin ilk günlərindən Türkiyənin dəstəyini hiss edən Azərbaycan indi güclənmiş və Türkiyəyə də dəstək olmuşdur", - Prezidenti Administrasiyasının rəhbəri deyib.

Məruzədən sonra Ramiz Mehdiyev tələbələrin suallarını cavablandırmışdır. Universitetin rəhbərliyinin adından ona xatirə hədiyyəsi təqdim olunmuşdur.
Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Çankaya köşkünə gələrək Türkiyə Prezidenti Katibliyinin iş prinsipi ilə də tanış olmuşdur. Qonaqlar Atatürkün evini də gəzmişlər.

Sonra nümayəndə heyəti Bilkənddə Ali Doğramacı Paşa məscidinə gələrək burada Azərbaycanın böyük dostu, professor İhsan Doğramacının məzarı önünə əklil qoymuşdur. Ramiz Mehdiyev Doğramacı ailəsini də ziyarət etmiş, onlara başsağlığı vermişdir.

Nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti