...

Estoniya Azərbaycanla iqtisadi əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsində çox maraqlıdır - Prezident Toomas Hendrik İlves

Siyasət Materials 7 Aprel 2010 18:41 (UTC +04:00)
Estoniya və Azərbaycanı ümumi maraqlar birləşdirir. Bu, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin saxlanmasından, Avropa İttifaqının enerji təhlükəsizliyinin mümkün qədər hərtərəfli təmin olunmasından, həmçinin dövlətlərimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafından ibarətdir.
Estoniya Azərbaycanla iqtisadi əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsində çox maraqlıdır - Prezident Toomas Hendrik İlves

Estoniya və Azərbaycanı ümumi maraqlar birləşdirir. Bu, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin saxlanmasından, Avropa İttifaqının enerji təhlükəsizliyinin mümkün qədər hərtərəfli təmin olunmasından, həmçinin dövlətlərimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafından ibarətdir. Bunu çərşənbə günü Prezident Toomas Hendrik İlves Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevi və Mehriban Əliyevanı salamlayarkən deyib. Bu barədə Estoniya Prezidentinin rəsmi saytı məlumat yayıb.

"Azərbaycan Xəzər regionunda aparıcı dövlət kimi Avropa İttifaqı üçün həm iqtisadi, həm də siyasi planda mühüm tərəfdaş hesab olunur. Öz növbəsində Avropa İttifaqı və Birlik dövlətləri Azərbaycanda planlaşdırılan bir çox islahatların uğurla həyata keçirilməsi üçün sizinlə öz təcrübələrini bölüşə bilərlər", - Estoniya dövlətinin başçısı bildirib.

Prezident İlvesin sözlərinə görə, Avropa İttifaqının üzvü olan bir ölkə kimi Estoniya Azərbaycanın ÜTT-yə daxil olmasının tərəfdarıdır ki, bu da Azərbaycanda beynəlxalq hüquq və normalara riayət olunmasını nümayiş etdirəcək. "Bu, öz növbəsində iqtisadi və işgüzar stabilliyə və dövlətin inkişafına, həmçinin Avropa İttifaqı ilə əlaqələrin möhkəmlənməsinə yardım edəcək", - o deyib.

Estoniya və Azərbaycan arasındakı əlaqələr barədə danışan Prezident İlves xatırladıb ki, 100 il əvvəl - 1910-cu il aprelin 8-də Bakıda Eston Cəmiyyəti yaradılıb ki, bu da iki ölkə arasındakı əlaqələrin məzmunlu tarixindən xəbər verir.

Estoniya dövlətinin başçısı qeyd edib ki, bu gün iki ölkə arasında sıx siyasi dialoq aparılır, lakin hökumət başçıları, həmçinin İqtisadiyyat, Müdafiə və Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlığı da genişləndirmək lazımdır.

"Eyni zamanda, iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək lazımdır. Estoniya bu məslədə çox maraqlıdır", - Prezident İlves deyib. - "Biz Azərbaycanda estoniyalı investorlar üçün təhlükəsiz sahibkarlıq mühiti istəyirik. Həmçinin istəyirik ki, onların əməkdaşlığı düzgün, artıq bürokratik maneələr olmadan, şəffaf, hamı üçün aydın olan qaydalar üzrə olsun".

Prezident İlves Azərbaycanın öz ictimai sektorunu təkmilləşdirmək və bundan ötrü Estoniya ilə əməkdaşlıqdan istifadə etmək istəyini yüksək qiymətləndirib. Məsələn, Estoniyanın informasiya texnologiyaları sahəsini təmsil edən müəssisələri Estoniyada "x-tee" kimi tanınan informasiya mübadiləsi üzrə təhlükəsiz xətt yaratmaqla ölkədə elektron hökumətin yaradılmasında azərbaycanlı həmkarları ilə tərəfdaşdırlar.

"Bundan sonra Azərbaycanda Estoniyada uğurla fəaliyyət göstərən "e-Tervis", "e-Politsei", "e-Kool" kimi həllər asanlıqla tətbiq olunacaq. Bundan sonra isə ID-kart tətbiq olunacaq", - İlves bildirib.

Prezidentlər İlves və İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ətrafında daha ətraflı dayanıblar.

"Estoniya Dağlıq Qarabağ və ona bitişik ərazilər barədə məsələnin danışıqlar yolu ilə həll edilməsini dəstəkləyir və mən bilirəm ki, siz bu cür mövqenin tərəfdarısınız. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinə dair razılığa gəlmək üçün müharibəyə deyil, sülhə hazırlaşmaq, səbrlə danışıqlar aparmaq lazımdır ki, bu da hamı tərəfindən qəbul edilən sülh razılığına gəlməyə kömək edə bilər", - Prezident İlves Azərbaycan dövlət başçısına deyib.

Görüş zamanı Estoniya rəhbəri Azərbaycanın Avropa İttifaqının etibarlı enerji təminatındakı mühüm rolunu vurğulayıb.

"Buna görə də biz Azərbaycanın "Cənub dəhlizi" layihəsində fəal iştirakını və "Nabukko" qaz kəməri kimi layihələrdə iştiraka hazır olmasını yüksək qiymətləndiririk", - Prezident İlves deyib.

Estoniya və Azərbaycan prezidentləri hər iki ölkənin NATO-nun rəhbərliyi altında beynəlxalq missiyada iştirak etdiyi Əfqanıstandakı vəziyyət barədə danışıblar.

"Bu regionun əsas ölkələrindən biri kimi Azərbaycan Əfqanıstandakı stabilliyin bizim və bizə qonşu olan ölkələr üçün nə dərəcədə mühüm olduğunu çox dəqiq anlayır. Çünkü bu sabitlik ekstremizmin yayılma imkanlarının qarşısının alınmasına kömək edə bilər", - Prezident İlves deyib.

Prezident İlves və İlham Əliyev bu gün Estoniya və Azərbaycan arasındakı münasibətlər haqqında müştərək bəyannamə imzalayıblar.

Xəbər lenti

Xəbər lenti