Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın bir neçə müxalifət partiyasının Parlament seçkiləri ilə bağlı məsləhətləşmələri davam edir.
"Müsavat Partiyasının başqanı İsa Qəmbərlə bu gün keçirilən növbəti görüşdə Parlament seçkilərində hərtərəfli əməkdaşlıq etmək üçün ilkin razılıq əldə olunub", - cümə axşamı Trend-ə Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Musayevin sözlərinə görə, müzakirələr zamanı müxalifətin birgə aksiyalarının keçirilməsi də razılaşdırılıb: "Görüşdə beynəlxalq təşkilatların Azərbaycanda sərbəst toplaşma azadlığı sahəsindəki problemlərin həlli ilə bağlı son təşəbbüslərinin təqdirəlayiq olduğu bildirilib. Biz həm də Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə, eləcə də seçki komissiyalarınin paritet əsasda formalaşdırılması üçün də birgə fəaliyyət göstərəcəyik", - partiya sədri əlavə edib.
Onun fikrincə, DUİ-nin və Müsavat Partiyasının deputatlığa namizədlərinın siyahısı bir daha müzakirə olunub: "Bu məsələnin həllində də ümumi razılığa gələcəyimizə inanırıq", - Musayev vurğulayıb.
DUİ bir müddət əvvəl Parlament seçkiləri ərəfəsi Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ilə birgə məsləhətləşmələrin aparılmasını təklif edib. Təkliflə razılaşdığından, DUİ-də təmsil olunanlarla Müsavat Partiyası rəhbərləri arasında bundan əvvəl iki görüş keçirilib. AXCP isə təklifi qəbul etmədiyindən, məsləhətləşmələrdə iştirak etmir.
DUİ ötən həftənin əvvəlində müxalifətin birgə kütləvi aksiyalar keçirməsi üçün də təkliflə çıxış edib.