17 aprel 2010-cu il tarixdə Azərbaycana bir günlük səfər edən ABŞ Müdafiə Nazirinin Müavini Mişel Flournoy Azərbaycanı ABŞ-ın mühüm tərəfdaşı adlandırmış və Azərbaycana Əfqanıstandakı töhfələri və zorakı ekstremizmlə mübarizədə əməkdaşlığına görə təşəkkürünü bildirmişdir. Bu barədə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuat üçün açıqlamasında deyilir.
Mişel Flournoy şənbə günü Azərbaycan Prezidenti İlham Əliyev, Xarici İşlər Naziri Elmar Məmmədyarov və Müdafiə Naziri Səfər Əbiyevlə görüşdü. Keçirdiyi görüşlərin nəticəsi olaraq, Flournoy bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Azərbaycan Əfqanıstan İslam Respublikası hökuməti və xalqı üçün öhdəlik götürməklə liderliyini nümayiş etdirir.
"Azərbaycan, həmçinin yenidənqurma işlərində göstərdiyi səylərə görə liderdir. Azərbaycanlılar Əfqan diplomatları, həkimləri, mina təmizləyən qruplar, polis və sərhəd mühafizə kadrlarına təlim keçir", bəyanatda deyilir.
Flournoy onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti ABŞ və digər xarici maraqlara qarşı hücumları dəf etməkdə köməklik etmiş və saysız-hesabsız təxribat cəhdlərini aradan qaldırmışdır.
"Biz, möhkəm dostlarıq və təhlükəsiz, demokratik və çiçəklənmiş bir dövlətin inkişafına dəstək vermək məqsədilə Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək üçün öhdəlik götürmüşük", bəyanatda deyilir.