...

Azərbaycanın BMT yanında daimi nümayəndəsi ABŞ-ın televiziya verilişində iştirak edib

Siyasət Materials 20 Aprel 2010 06:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Bazar ertəsi ABŞ-ın RTN televiziya kanalında siyasi icmalçı Boris Tenserin aparıcılığı ilə "Əlaqə" (Kontakt) adlı proqram yayımlanmışdır. Proqramda Azərbaycan Respublikasının BMT nəzdində Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Aqşin Mehdiyev iştirak etmiş və müsahibə vermişdir. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin Trend-ə daxil olan press relizində deyilir.

Səfir Azərbaycanın tarixi, müasir dünyada rolu, beynəlxalq arenada tutduğu mövqe, ABŞ, Rusiya, İranla və digər dövlətlərlə apardığı balanslaşdırılmış xarici siyasət, Azərbaycanda hazırda mövcud siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi barədə məlumat verdi. O, Azərbaycanın bütün beynəlxalq və regional təşkilatlarla, o cümlədən bütün dövlətlərlə əməkdaşlıq etdiyini və əməkdaşlığın tərəfdarı olduğunu diqqətə çatdırdı.

Ölkəmizdə yaşayan milli azlıqlar barədə suala cavabında A. Mehdiyev Azərbaycanda digər xalqların nümayəndələri, o cümlədən yəhudilər üçün yaradılmış yüksək şərait barədə, həmçinin Azərbaycan və yəhudi xalqlarının daim sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma içərisində yaşadıqlarını bildirərək, bunun üçün Azərbaycan dövləti tərəfindən bütün görülmüş işlər barədə məlumat verdi. Azərbaycanın Quba rayonunda yəhudilərin kompakt şəkildə yaşadıqları "Qırmızı Qəsəbə"-ni misal gətirmişdir. Daimi Nümayəndə Azərbaycanın müsəlmanların və yəhudilərin dostluq və mehribanlıq şəraitində birgə yaşadığı unikal ölkə olduğunu qeyd etdi. Eyni zamanda o, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə və hazırda Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlının qalmamasına baxmayaraq, ölkəmizin ərazisində on minlərlə erməninin yaşadığını diqqətə çatdırdı.

Daimi Nümayəndə Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun tarixi, nəticələri barədə məlumat verərək, ölkəmizin ərazisinin 20% işğal edilməsi, 1 mln. qaçqının və məcburi köçkünün olması və onların ağır şəraitdə yaşaması, işğal nəticəsində 30 min azərbaycanlının qətlə yetirilməsi barədə məlumat verdi. O, bu münaqişənin aradan qaldırılması istiqamətdə Azərbaycanın xarici siyasət sahəsində apardığı işlər barədə söhbət açaraq BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və s. beynəlxalq və regional təşkilatlar tərəfindən qəbul edilmiş və Ermənistanın Azərbaycanın ərazisini işğal faktını pisləyən sənədlər barədə məlumat verdi.

Daha sonra Səfir verilişə Amerika vətəndaşlarından daxil olan suallara cavab vermişdir. Suallar əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-İsrail münasibətləri barədə olmuşdur.

Qeyd edilməlidir ki, RTN kanalı ABŞ-ın 46 ştatında yayımlanır.

Xəbər lenti

Xəbər lenti