Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Hüseynbala/
ATƏT-in Bakı ofisinin rəhbəri hesab edir ki, Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanunu beynəlxalq standartlara cavab verir.
"Bu qanunun hazırlanmasında bizim təşkilatımızın təklifləri də nəzərə alınıb və sərbəst toplaşma azadlığının şərtləri orada öz əksini tapıb", - Trend-in məlumatına görə, çərşənbə günü jurnalistlərə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.
Cankorelin sözlərinə görə, bu qanunun tətbiqi ilə bağlı yeni tövsiyələr verilir.
"Biz istəyirik ki, siyasi partiyalar daha aktiv olaraq proseslərə qatılsınlar, xalq da daha aktiv seçim kampaniyalarına qoşula bilsin", - ofis rəhbəri əlavə edib.
Onun fikrincə, indi Azərbaycanda siyasi partiyaların xalqla əlaqələr qurmaq məsələsində bəzi problemlər var.
"Bu əlaqələrin qurulması üçün Avropa ölkələrində olduğu kimi daha çox sərbəstlik verilməsini istəyirik. Düşünürəm, qarşıdakı dövrdə bununla bağlı daha müsbət irəliləyişlərə nail olunacaq", - Cahkorel vurğulayıb.
Azərbaycan müxalifət partiyaları hesab edir ki, şəhərin mərkəzlərində aksiyaların keçirilməsinə icazə verilməlidir.