...

Azərbaycanın ABŞ-dakı səfiri Amerika Yəhudi Komitəsi qarşısında çıxış edib

Siyasət Materials 29 Aprel 2010 15:00 (UTC +04:00)
Amerika Yəhudi Komitəsinin (AYK) dəvəti ilə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev komitənin illik konfransı çərçivəsində təşkil olunmuş xüsusi tədbirdə çıxış edib. Bu barədə səfirliyin məlumatında deyilir. Tədbirdə ABŞ yəhudi icmasının yüksəkrütbəli nümayəndələri iştirak edib.
Azərbaycanın ABŞ-dakı səfiri Amerika Yəhudi Komitəsi qarşısında çıxış edib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir S.Ağayeva/

Amerika Yəhudi Komitəsinin (AYK) dəvəti ilə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev komitənin illik konfransı çərçivəsində təşkil olunmuş xüsusi tədbirdə çıxış edib. Bu barədə səfirliyin məlumatında deyilir. Tədbirdə ABŞ yəhudi icmasının yüksəkrütbəli nümayəndələri iştirak edib.

AYK-in prezidenti Riçard Saydman və icraçı katibi Deyvid Harris səfiri salamlayaraq, Azərbaycanın çoxəsrlik dözümlülük ənənələrini, xüsusilə, çoxsaylı yəhudi icmasına daima xoş münasibətini vurğulayıb. Həmçinin, Azərbaycanın İsrail ilə dost münasibətləri və onun ABŞ və İsrail üçün strateji tərəfdaş kimi xüsusi önəmi qeyd olunub.

Öz çıxışında səfr Əliyev Azərbaycan yəhudilərinin tarixi, azərbaycanlıların etnik və dini dözümlülüyü, azərbaycanlılarla yəhudilər arasındakı sıx əlaqələrdən danışaraq, Azərbaycan ilə İsrail arasında getdikcə daha da möhkəmlənən və çoxşaxəli səciyyə daşıyan münasibətlərin əhəmiyyətini vurğulayıb. Diplomat, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin hazırkı durumu, ABŞ-ın Əfqanıstanda sülhün qorunması səylərinə Azərbaycanın dəstəyi, ölkəmizin regiondakı açar rolu və Avropanın enerji təhlükəsizliyi üçün önəmi barədə də danışıb.

Yaşar Əliyev iştirakçıların diqqətini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına cəlb edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qaytarılması üçün beynəlxalq ictimaiyyətin hüquqi və mənəvi məsuliyyət daşıdığını bildirib.

Sonda səfir iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

1906-cı ildə təsis edilmiş Amerika Yəhudi Komitəsi ABŞ yəhudi icmasının ən nüfuzlu təşikilatlarından biridir. AYK-in ABŞ-ın 32 şəhərində şöbələri və xaricdə 8 nümayəndəliyi fəaliyyət göstərir.

AYK-in konfransının işində bu il ABŞ dövlət katibi Hillari Klinton, İsrailin müdafiə naziri Ehud Barak, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos, Niderlandın xarici işlər naziri Maksim Verhagen, həmçinin ABŞ və Avropanın bir sıra digər rəsmi şəxsləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti