...

Azərbaycanın cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə dair konfrans keçirilib

Siyasət Materials 3 May 2010 15:13 (UTC +04:00)
Mayın 1-də Lənkəran şəhərində "Azərbaycan Respublikasının cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə dair" konfrans keçirilib.
Azərbaycanın cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə dair konfrans keçirilib

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Mayın 1-də Lənkəran şəhərində "Azərbaycan Respublikasının cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə dair" konfrans keçirilib.

Prezident Administrasiyası və Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Baş Prokurorluğun, Daxili İşlər, Milli Təhlükəsizlik, Səhiyyə, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Ali Məhkəmənin, Dövlət Gömrük Komitəsinin, Narkotiklərə və cinayətkarlığa qarşı Milli Təbliğat Ofisinin məsul işçiləri, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayon İcra Hakimiyyətlərinin başçıları, həmin rayonların polis şöbələrinin rəisləri, prokurorları, MTN-in şəhər və rayon şöbələrinin rəisləri, mərkəzi xəstəxanaların baş həkimləri, gənclər və idman idarələrinin rəisləri, təhsil şöbələrinin müdirləri, cənub bölgəsinin ali və orta ixtisas məktəblərinin rəhbərləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov konfransın məqsəd və vəzifələrindən söhbət açaraq bildirib ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə regionda ilk dəfədir bu cür geniş tərkibdə konfrans keçirilir.

Konfransın gündəliyində duran məsələ ilə bağlı çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib ki, problemin müvəffəqiyyətli həlli üçün ölkədə narkotik maddələrə tələbatın azaldılması və satışının mümkünsüzlüyə çevrilməsi ilkin şərtlərdəndir. Bu məqsədə nail olunduğu halda isə cinayətlərin təşkilatçılarının və narkoişbazların respublikamıza olan marağı da aradan qalxacaq.

Nazir konfrans iştirakçılarının diqqətini narkomanların real sayının dəqiqləşdirilməsinə, bunun qarşıda duran vəzifələrin əhatə dairəsinin və istiqamətlərinin müəyyənləşdirilməsində başlıca amil olduğuna, eləcə də narkomaniyanın yayılmasının əsl miqyasının müəyyən edilməsi üçün ictimai birliklər və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə hərtərəfli monitorinqlərin keçirilməsinin vacibliyinə cəlb edib.

Bununla bərabər, narkotiklərdən asılılığın, şəxsin nəinki ailəyə və cəmiyyətə, hətta insan həyatına münasibətini belə neqativ anlamda dəyişdiyini, habelə kiminsə cinayət yolu ilə, yüzlərlə başqa ailənin bədbəxtliyi üzərində əldə etdiyi gəlirlə özünə xoşbəxt və firavan həyat qura bilməsinin yolverilməzliyini və bu cür ictimai təhlükəli əməllərlə insanların sağlamlığına, bütövlükdə milli genofonda sarsıdıcı zərbə vuranlara qarşı - cəmiyyətdəki statusundan, qulluq mövqeyindən və xidmətlərindən asılı olmayaraq mübarizə aparılmasının da hər bir vətəndaşın mənəvi borcu olduğu diqqətə çatdırılıb.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin sosial-hüquqi aspektləri" mövzusunda məruzəsində bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, ölkədə uğurla həyata keçirilən çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində dünya ölkələri ilə ticarət əlaqələrinin genişlənməsi narkotik vasitələrin qanunsuz dövriyyəsi və nəql edilməsi ilə məşğul olan şəxsləri özünə cəlb edir. Bundan əlavə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən narkotik vasitələrin istehsalı üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin çiçəklənməsinə şərait yaradır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə hər zaman Azərbaycan Prezidentinin xüsusi diqqət mərkəzində olub və bu sahədə fəaliyyətin effektivliyini artırmaq məqsədilə 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ı təsdiq edib.

Proqramın icrası nəticəsində son illər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə əlaqədar aşkar edilən cinayətlərin və cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı, habelə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı əhəmiyyətli dərəcədə artıb.

Ələsgərov qeyd edib ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar demoqrafik təhlillər aparılıb, bu kateqoriyaya daxil olan cinayətlərin törədilməsinə görə məsuliyyətə cəlb edilmiş şəxslərin sosial tərkibi araşdırılıb. Müəyyən edilib ki, 2009-cu ildə bu növ cinayətlərin törədilməsinə görə məsuliyyətə cəlb olunanların böyük əksəriyyətini işləməyənlər təşkil edir. Tüfeyli həyat tərzi - narkomaniyanın yayılması və bununla bağlı digər sosial patologiyaların əmələ gəlməsi üçün əsas mənbədir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə kompleks tədbirlər planlaşdırılaraq yerinə yetirilməlidir. Həmin kompleks çərçivəsində narkotik vasitələrin istehsalına qarşı hər bir mərhələdə adekvat tədbirlər görülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi, onların toplanması, prekursorlardan istifadə edilməsi, yarımfabrikatların və hazır məhsulun saxlanılması, əldə olunmuş narkotik vasitələrin satılması yolları və üsulları aşkar olunmalı, narkotik vasitələrin alınma mənbələrinin və narkotik vasitələrin alqı-satqısı şəbəkəsinin müəyyən olunmasına xüsusi diqqət yetirilməli, hüquq mühafizə orqanları arasında həyata keçirilən informasiya mübadiləsi daha da gücləndirilməli, bu mübarizədə bütün dövlət orqanlarının güc və vasitələri birləşdirilməlidir.

Profilaktik tədbirlərin genişləndirilməsinə, təbliğat işinin gücləndirilməsinə xüsusi diqqət yetirilməli, səhiyyə, təhsil, gənclər təşkilatlarının bu sahədə fəaliyyətinin səmərəliliyi artırılmalı, narkomanlığın profilaktikası və narkomaniya problemi ilə bağlı layihələr həyata keçirən qeyri-hökumət təşkilatlarının fəaliyyəti təşviq edilməlidir.

Ələsgərov çıxışında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə bir sıra təkliflər irəli sürüb, müvafiq dövlət orqanları qarşısında duran vəzifələr və onların bu sahədə fəaliyyətinin səmərəliyinin artırılması üçün zəruri olan tədbirləri diqqətə çatdırıb.

Baş prokuror Zakir Qaralov "Narkomanlıqla mübarizənin aktual problemləri və prokuror nəzarəti" mövzusunda çıxışında bildirib ki, ölkəmizin cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə dair Azərbaycan Prezidenti Administrasiyasının təşəbbüsü ilə Lənkəran şəhərində keçirilən konfrans, ilk növbədə, dövlətin narkomanlığa qarşı davamlı mübarizə aparmaq iradəsinin ifadəsidir.

Statistik hesabatların təhlili sosial bəlaya çevrilmiş narkomanlığın bu bölgədə daha geniş yayıldığına dəlalət edir. Təhlükəli cəhət ondan ibarətdir ki, qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələrin keçirilməsi kimi mütəşəkkil cinayətkar fəaliyyətə bəzi rayonların sərhədboyu ərazilərində yaşayan ailələr, çoxsaylı gənclər cəlb olunur.

Cənub bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ən mühüm yolu dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsindən, narkotiklərin qaçaqmalçılığının bütün mümkün yollarının bağlanmasından ibarətdir.

Qeyd olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı məhkum edilmiş şəxslərin sosial reabilitasiyası çox mühüm əhəmiyyət kəsb edir. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar bütün məsələlər üzrə real vəziyyət dəqiq öyrənilməlidir. Bu sahədə latent proseslərin aşkarlanması, onların səbəblərinin öyrənilməsi, dinamikalarına təsir edə biləcək effektiv mexanizmlərin, metodikaların hazırlanması və tətbiqi yollarının müəyyən edilməsi vacib məsələlərdir.

Qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq bu qəbildən olan cinayətlərin istintaqı, təhqiqatı və əməliyyat-axtarış fəaliyyəti üzərində prokuror nəzarətinin yeni müstəvidə daha səmərəli təşkili, ibtidai araşdırmaya prosessual rəhbərliyin keyfiyyətcə səviyyəsinin yüksəldilməsi, istintaq işini təkmilləşdirməklə vahid təcrübənin formalaşdırılması məqsədilə metodiki işin gücləndirilməsi, bu sahədə digər dövlətlərin əlaqədar təsisatları və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri həmişə Respublika Baş Prokurorluğunun rəhbərliyinin diqqət mərkəzində olub.

Konfransda həmçinin Ali Məhkəmənin hakimi Əli Seyfəliyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Dövlət Sərhəd Xidmətinin rəis müavini Asif Cəbrayılov, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı və Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisinin müavini Fazil İmamverdiyev, Narkotiklərə və cinayətkarlığa qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti