...

Azərbaycanın hakim partiyası müxalifətin ayrılmış yerlərdə kütləvi aksiyalar keçirməkdən imtina etməsinin səbəblərini açıqlayıb

Siyasət Materials 18 May 2010 13:29 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının sədr müavini müxalifətin ayrılmış yerlərdə kütləvi aksiyalar keçirməkdən imtina etməsinin səbəblərini açıqlayıb.
Azərbaycanın hakim partiyası müxalifətin ayrılmış yerlərdə kütləvi aksiyalar keçirməkdən imtina etməsinin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının sədr müavini müxalifətin ayrılmış yerlərdə kütləvi aksiyalar keçirməkdən imtina etməsinin səbəblərini açıqlayıb.

"Birinci səbəb, müxalifət kütləvi aksiyalar keçirmək niyyətini ortaya qoyarkən heç də öz tərəfdarları ilə görüşmək məqsədini güdmür. Bizim apardığımız müşahidələr də onu deməyə əsas verir ki, bu cəhdlərin arxasında daha çox bir gərginlik yaratmaqdır", - Trend-in məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

"Azadlıq" blokuna daxil olan, eləcə də Müsavat və Ümid partiyaları bir neçə dəfə Bakı şəhər İcra Hakimiyyətinin razılıq vermədiyi ərazilərdə mitinq keçirməyə cəhd ediblər, lakin buna imkan verilməyib.

Əhmədovun sözlərinə görə, müxalifət bu hərəkəti ilə guya Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə imkan verilmədiyi barədə mesaj göndərir.

"Amma bildirirəm ki, yerlər ayrılırsa belə, müxalifət mintinqlərini orada keçirmək istəmir", - sədr müavini əlavə edib.

İkinci səbəbə gəldikdə, icra katibi güman edir ki, müxalifət özünün ictimai və sosial dayaqlarının yetərincə olmadığını dərk edir.

"Ona görə də kütləvi aksiyaları şəhərin elə yerlərində keçirməyə cəhdlər göstərirlər ki, oralar həmişə insanlarla dolu olur. Düşünürəm ki, bütövlükdə siyasi proseslərə, o cümlədən də kütləvi aksiyaların keçirilməsinə bu cür fərqli şəkildə yanaşılması ən azından məsələlərə qeyri-ciddi münasibət göstərməyin nümunəsidir", - Əhmədov vurğulayıb.

Onun fikrincə, əgər müxalifət partiyaları kütləvi aksiyalar keçirmək istəyirlərsə, bu məqsədlə ayrılmış yerlərdə də bunu reallaşdıra bilərlər.

"Bəzən deyirlər ki, ayrılan yer istədikləri yerdən iki kilometr aralıda olduğu üçün gedə bilmirlər. Bəs necə olur ki, Bakıda keçirdikləri mitinqlərə Qazaxdan çağırdıqları adamlar gəlir, 400 kilometr uzaq olmur, amma istədikləri yerdən iki kilometr kənarda yer ayıranda oranın uzaq olduğunu bəhanə edirlər", - sədr müavini xatırladıb.

Xəbər lenti

Xəbər lenti