...

Azərbaycanın xarici işlər naziri Almaniya Bundestaqının deputatını qəbul edib

Siyasət Materials 31 May 2010 18:40 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Bundestaqının deputatı Mixail Linki qəbul edib.
Azərbaycanın xarici işlər naziri Almaniya Bundestaqının deputatını qəbul edib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Bundestaqının deputatı Mixail Linki qəbul edib. Məlumatı Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı almaniyalı qonaq Almaniya ilə ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, əlaqələrin genişləndirilməsi üçün müxtəlif sahələrdə, xüsusən də qeyri-neft sektorunda geniş imkanların olduğunu qeyd edib. Link Cənubi Qafqaz regionunun Avropa məkanı üçün xüsusi maraq kəsb etdiyini vurğuluyaraq regionda baş verən proseslərlə maraqlanıb.

Öz növbəsində regionun ən uzunmüddətli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan nazir Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb. Nazir mayın 20-də Avropa Parlamentinin qəbul etdiyi "Avropa Birliyinin Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verildiyini almaniyalı deputatın nəzərinə çatdırıb.

2009-cu il  mayın 14-də Almaniya Federativ Respublikasının Bundestaqında Cənubi Qafqaza bağlı qəbul edilən qətnaməni xatırladan Link, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və münaqişənin məhz dövlətin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllini dəstəklədiyini qeyd edib.

Sonra tərəflər bir sıra ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti