...

Azərbaycan regionda cinayətlərin sayının azlığına görə, öndə gedən ölkələrdəndir - nazir müavini Oruc Zalov

Siyasət Materials 10 İyun 2010 11:15 (UTC +04:00)
Azərbaycan regionda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə öndə gedən ölkələrdəndir.
Azərbaycan regionda cinayətlərin sayının azlığına görə, öndə gedən ölkələrdəndir - nazir müavini Oruc Zalov

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan regionda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə öndə gedən ölkələrdəndir, - Trend-in məlumatına görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov cümə axşamı ATƏT-in Bakı ofisi ilə birgə təşkil olunmuş "Azərbaycanda cəmiyyət dəstəkli polis işi" üzrə ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Azərbaycanda ötən il 22 min cinayət qeydə alınıb ku, bu da əhalinin hər 100 min nəfərinə 255 cinayət hadisəsi deməkdir. Bu göstəriciyə görə, Azərbaycan keçmiş Sovetlər ölkələri arasında birinci yerdədir. Qəsdən adam öldürmə, quldurluq, soyğunçuluq cinayətləri dəfələrlə aşağı düşüb", - Zalov deyib.

Nazir müavininin sözlərinə görə, DİN-də təşkil olunmuş "102" xidmətinə hər gün 2 200 müraciət daxil olur. Onların böyük qismi daxili işlər orqanlarına aid olmasa da, aidiyyəti üzrə göndərilir, bunun nəticəsidir ki, cinayətlərin vaxtından əvvəl açılmasında və baş vermiş cinayətlərin profilaktikasında böyük uğurlar əldə olunur.

Zalovun sözlərinə görə, ATƏT-in birgə dəstəyi ilə "Polis haqqında" qanuna edilən dəyişiklikdən sonra, Azərbaycan polisində ərazi polisləri yaradılıb və onlar ictimai şuralar vasitəsilə cəmiyyətlə əlaqə saxlayırlar.

"Bu şuralarda həmin ərazinin ən aktiv nümayəndələri təmsil edilir və onlar ayda bir dəfədən az olmayaraq, həmin ərazidəki problemlərlə bağlı müzakirələr aparırlar və aidiyyəti orqanlar qarşısında məsələ qaldırırlar", - nazir müavini əlavə edib.

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel isə çıxışında deyib ki, cəmiyyət dəstəkli polis ideyasının məğzində polisin insanlara daha yaxşı xidmət göstərməsi durur.

"Azərbaycan, öz növbəsində, polislə ictimaiyyət arasında əlaqələrin təkmilləşdirilməsinin bütün tərəflər üçün faydalı olduğunu qəbul edib. İnanıram, bu, polis və cəmiyyət arasında daha yaxşı əməkdaşlığa təkan verəcək", - səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti