...

Azərbaycan dövləti bundan sonra da vətəndaşlarının sosial məsələlərinin həlli üçün öz səylərini göstərəcək – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 İyun 2010 11:05 (UTC +04:00)
Azərbaycan dövləti bundan sonra da vətəndaşların sosial məsələlərin həlli üçün öz səylərini göstərəcək – Prezident İlham Əliyev
Azərbaycan dövləti bundan sonra da vətəndaşlarının sosial məsələlərinin həlli üçün öz səylərini göstərəcək – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

RED: əlavəsi: Prezidentin çıxışı əlavə olunub

İyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra açılışı olub, -məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı əvvəlcə binanın ətrafında yaradılan şəraitlə tanış olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirdi ki, ümumi sahəsi 10 min 190 kvadratmetr olan fasad müasir formada yenilənmiş, ətrafda abadlıq işləri görülmüş, binanın qarşısında 1500 kvadratmetr sahədə yaşıllıq zolağı salınmış, fəvvarələr kompleksi quraşdırılmışdır. Üzlük daşlarla döşənmiş ərazidə "Azad qadın" heykəlinin postamenti də yenidən mərmərlə üzlənmişdir. Əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır.

Sonra Prezident İlham Əliyev bina ilə yaxından tanış oldu. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin aztəminatlı insanlarla, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi veteranları ilə görüşlərindən çəkilən fotoşəkillərdən ibarət guşə yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgələrdə tikdirdiyi və dövlətimizin başçısının iştirakı ilə açılışı olan yaşayış binaları barədə prezidentə məlumat verildi. Bildirildi ki, 1999-2008-ci illərdə əlil və şəhid ailələrinin istifadəsinə 2763 mənzil verilmişdir. Bu kateqoriyadan olan insanlara təkcə 2009-cu ildə 700-dən çox mənzil verilmişdir.
Bildirildi ki, ümumi sahəsi 15 min 489 kvadratmetr olan 18 mərtəbəli binada müasir dizaynla yenidənqurma işləri aparılmış, təhlükəsizliyə nəzarət kameraları, müasir tələblərə uyğun holl, turniket sistemi, postterminallar quraşdırılmışdır.
Binada 260 nəfərlik konfrans zalı, 150 nəfərlik yeməkxana da fəaliyyət göstərir. Videokonfrans zalı bölgələrlə birbaşa əlaqə saxlamaq üçün müasir kompyuter avadanlığı, monitorlar və proyektor, işıqlanma sistemi ilə təchiz olunmuşdur. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, nazirlikdə yeni yaradılan bu sistem yerlərdən məlumatları dərhal qəbul etməyə, məsələləri operativ həll etməyə, paytaxta gəlmək imkanı olmayan vətəndaşların suallarını videoəlaqə vasitəsilə cavablandırmağa imkan verir. Hazırda Naxçıvan, Qusar və Gəncədə belə mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin sayı gələn il daha da artırılacaqdır. Qeyd olundu ki, nazirliyin binasının açılış mərasimi zamanı birbaşa videoəlaqəyə qoşulan bölgələrdə və onlara yaxın ərazilərdə yaşayan Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə 88 avtomobil veriləcəkdir.

Naxçıvan, Qusar və Gəncə ilə yaradılmış birbaşa videoəlaqə zamanı Prezident İlham Əliyev dedi: "Sabahınız xeyir olsun. Mən sizi ürəkdən salamlayıram. Sizi yaradılmış bu gözəl şəraitlə əlaqədar canlı bağlantı vasitəsilə təbrik edirəm. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni binasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Burada, bu binada çox gözəl şərait yaradılıb, o cümlədən artıq ən müasir, qabaqcıl texnologiyalar da tətbiq olunub ki, biz bu gün sizinlə bu görüşü keçiririk. Ümumiyyətlə, demək istəyirəm ki, bu nazirliyin çox böyük funksiyaları vardır. Azərbaycanda çox güclü sosial siyasət aparılır. Sosial siyasət bizim ümumi siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycanın yüksələn iqtisadi imkanları gücümüzü artırır və beləliklə, sosial siyasəti daha da uğurlu aparmaq üçün bizə şərait yaradır. Biz çalışırıq ki, bütün sosial məsələlər vaxtında və yüksək səviyyədə həllini tapsın.
Ünvanlı sosial yardım Azərbaycanda bir neçə ildir ki, təşkil olunubdur və minlərlə, on minlərlə Azərbaycan vətəndaşı dövlətdən bu yardımı alır. Əmək bazarının tənzimlənməsi işində nazirliyin çox vacib funksiyaları vardır. Bu gün bu məsələlərə xüsusi diqqət göstərilməlidir".

Dövlət başçısı deyib ki, Azərbaycan dövləti Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün öz qayğısını əsirgəmir.

"Bütün bölgələrdə evlər tikilir, mənzillər, avtomaşınlar verilir və bu gün isə biz bu gözəl tədbiri keçiririk. Biz bu gün Naxçıvan, Gəncə və Qusarla əlaqədəyik. Bu bölgələrdə yaşayan soydaşlarımız bu gün bu maşınları alacaqlar.
Mən bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, mənim səmimi salamlarımı öz rayon və şəhərlərinizin sakinlərinə çatdırasınız. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bundan sonra da Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması və sosial məsələlərin həlli üçün öz səylərini göstərəcəkdir. Bunun üçün bizim həm iqtisadi imkanlarımız, həm də güclü siyasi iradəmiz vardır. Biz əsas istiqamətimizi bunda görürük - güclü iqtisadiyyat və güclü sosial siyasət. Keçən il dünyanı bürümüş iqtisadi böhran məhz bu siyasətin nəticəsində Azərbaycandan yan keçib. Nəyə görə? Çünki biz görülən tədbirlərlə, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığımız işlərlə böhranın acı nəticələrini minimum səviyyəyə endirə bilmişik.
Sosial məsələlərin həlli bundan sonra da işimizdə prioritet məsələ kimi qalacaqdır. Hər şey Azərbaycan xalqı üçün olmalıdır və Azərbaycan xalqı gündən-günə daha da yaxşı yaşamalıdır. Bu gün hələ ki ağır vəziyyətdə, yoxsulluq şəraitində yaşayanlara da Azərbaycan dövləti öz yardımını göstərəcəkdir. Ancaq o da həqiqətdir ki, son illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə enmişdir. Bu da işlərimizin ən gözəl göstəricisidir. Mən əminəm ki, gələcəkdə də bütün planlarımız həyatda öz əksini tapacaq və Azərbaycanın bütün bölgələrində işlər ən yüksək səviyyədə görüləcəkdir. Mən Azərbaycanın bütün bölgələrində dəfələrlə olmuşam. Vəziyyətlə tanış olmuşam və bütün müvafiq göstərişləri vermişəm. Regionların inkişaf proqramı, infrastruktur layihələri, sosial proqramlar - bütün bunlar Azərbaycanın bugünkü reallıqlarıdır. Biz uğurla və inamla irəliyə gedirik. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı və uğurlar arzulayıram", - İlham Əliyev deyib.

Dövlət başçısı daha sonra vurğulayıb:

"Əmin ola bilərsiniz ki, bundan sonra da mən öz fəaliyyətimdə Azərbaycanın inkişafı və Azərbaycanda bütün sosial məsələlərin həlli üçün səylərimi əsirgəməyəcəyəm və Sizinlə yaxın zamanlarda yenidən görüşəcəyik. Bir daha sağ olun, salamat qalın!".

Xəbər lenti

Xəbər lenti