...

Azərbaycan və Çinin əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 16 İyun 2010 13:25 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri çərşənbə günü Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu Daimi Komitəsinin üzvü, Parlamentin nizam-intizam üzrə Mərkəzi Komissiyasının katibi Xı Qotsianla görüşüb.
Azərbaycan və Çinin əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin spikeri çərşənbə günü Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu Daimi Komitəsinin üzvü, Parlamentin nizam-intizam üzrə Mərkəzi Komissiyasının katibi Xı Qotsianla görüşüb.

Görüşdə spiker Oqtay Əsədov Azərbaycan - Çin münasibətlərini yüksək qiymətləndirib və bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə səfəri zamanı ikitərəfli əlaqələrin inkişafına dair deklarasiya və digər mühüm sənədlər imzalanıb.

Əsədov deyib ki, bu sənədlər münasibətlərimizin inkişafı üçün hüquqi baza yaradıb.

"Azərbaycanla Çin arasında bütün sahələrdə münasibətlər inkişaf edir. Ötən il dünya maliyyə böhranına baxmayaraq, ticarət dövriyyəmiz 659 milyon dollar olub. Bu ilin 4 ayında isə 357 milyon dollar təşkil edib", - spiker əlavə edib.

Əsədov deyib ki, bu sahədə bütün imkanlar hələ tam səfərbər olunmayıb. Bu göstəricilər daha da böyük ola bilərdi.

Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyinə görə Çin dövlətinə və hökumətinə minnətdarlıq bildirib.

Qonaq Azərbaycanın sürətlə inkişaf etdiyini, regionun ən güclü dövləti olduğunu deyib. Bildirib ki, Çin həmişə Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.

"Çin Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da tanıyacaq", - Xı Qotsian qeyd edib.

Xəbər lenti

Xəbər lenti