Fransa, Strasburq, 25 iyun /Trend, müxbir A.Məhərrəmli/
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) cümə günü keçirilən sonuncu iş günündə "Ermənistanın beynəlxalq səviyyəli öhdəlikləri yerinə yetirməməkdə davam etməsi" adlı yazılı bəyannamə yayılıb.
Bu sənədi Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovdan başqa daha 20 deputat imzalayıb.
"2008-ci ildə AŞ PA 1609 saylı qətnamə qəbul edib və həmin qətnamədə Ermənistanda keçirilmiş seçkilərdən sonra törədilmiş qanlı hadisələr, cinayətlər, insan haqlarına qarşı müxtəlif təzyiqlər öz əksini tapıb. Və Ermənistan dövlətindən tezliklə bu məsələlərin araşdırılıb tədbirlər görülməsi tələb olunub. Təəssüflər olsun ki, uzun müddət keçməsinə baxmayaraq, bu tələblərin heç birinə əməl edilməyib. 2008-ci il martın 1-də 10 insanın həyatını itirməsi, bir çox azad düşüncəli insanların həbsxanalara atılması, digər kütlələrə təzyiqlər göstərilməsi, azad mətbuata qarşı ən müxtəlif təzyiqlərin baş verməsi ilə müşayiət olunan həmin proseslərlə bağlı bu günədək Ermənistanda heç bir irəliləyiş yoxdur. Ona görə də Ermənistan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən AŞ qarşısında götürdüyü öhdəliklərə əməl etməli, həbsdə olan siyasi məhbusları azad etməli, seçkidən sonra yaranmış insan haqlarına zidd olan bütün məqamları araşdıraraq ən təcili şəkildə tədbirlər görməlidir", - sənəddə deyilir.
Sözügedən yazılı bəyannamə sessiyanın sonuncu iş günündə qurumun iclasında elan olunub və digər deputatlar da bu sənədə imza atmağa dəvət edilib.