...

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin fəaliyyətinin bərpası məsələsi oktyabrda həll oluna bilər – Mövlud Çavuşoğlu

Siyasət Materials 29 İyun 2010 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Süleymanova/

Avropa Şurası Parlament Assambleyası Ermənistan və Azərbaycan tərəflərinin Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpası ilə bağlı mövqelərinin yaxınlaşdırılması işini davam etdirir. Bunu çərşənbə axşamı Astanada jurnalistlərə AŞ PA sədri Mövlud Çavuşoğlu deyib.

"2005-ci ildə AŞ PA 1416 saylı qətnamə qəbul edib. Qətnaməyə əsasən Dağlıq Qarabağ üzrə alt komitənin yaradılması müəyyənləşib, lakin alt komitənin sədri Lord Rassel Conson vəfat etdiyindən bununla əlaqədar alt komitənin fəaliyyəti dayandırılmışdı. Lakin məsələ büronun gündəliyində qalmaqdadır", - Çavuşoğlu qeyd edib.

"Ermənistan nümayəndə heyətinin bir qədər şühbəsi var, odur ki, biz Ermənistan və Azərbaycan nümayəndə heyətləri ilə görüşün büroda davam etdirilməsini qərara almışıq və AŞ PA-nın cari ilin oktyabr sessiyası ərzində biz belə görüşləri davam etdirəcəyik. Bundan sonra isə mən büroya məlumat verəcəyəm və büro qərar qəbul edəcək", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti