...

Azərbaycan Prezidenti Amerika Yəhudi Komitəsinin icraçI direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 4 İyul 2010 21:54 (UTC +04:00)
İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Prezidenti Amerika Yəhudi Komitəsinin icraçI direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu demişdir.

Səfər proqramının əhatəli olduğunu deyən Prezident İlham Əliyev bu səfərin Azərbaycan ilə daha yaxından tanış olmağa imkan yaradacağını bildirmişdir.
Devid Allan Harris Azərbaycanın Amerika yəhudiləri üçün çox əhəmiyyətli ölkə olduğunu vurğulayaraq demişdir ki, biz Azərbaycanın dostları kimi bu ölkənin ABŞ üçün siyasi, strateji və mədəni əhəmiyyətini dərk edirik. Bu səfər Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin ardınca reallaşır. Bu səfərlər isə ABŞ ilə Azərbaycan arasında genişlənən əlaqələrin daha bir mühüm əlamətidir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan-ABŞ münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz siyasi, iqtisadi, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq qurmuşlar. Azərbaycan və Birləşmiş Ştatlar antiterror əməliyyatlarında birgə fəaliyyət göstərirlər.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərin regional əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etmişdir.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzündən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizin beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyindən, münaqişənin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesindən danışmışdır.

Azərbaycan Prezidenti bildirmişdir ki, əsrlər boyu azərbaycanlılar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşamış, xalqlarımız arasında gözəl ünsiyyət mövcud olmuşdur. Azərbaycanda yaşayan yəhudilər ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu isə əlaqələrimizi əks etdirən ən gözəl amillərdəndir.

Xəbər lenti

Xəbər lenti