Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir S.Ağayeva/
Azərbaycan və Portuqaliya iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalayacaqlar. Sənəd Portuqaliyanın xarici işlər naziri Luis Amadonun Bakıya qarşıda duran səfəri zamanı imzalanacaq. Bu barədə Trend-ə çərşənbə günü Portuqaliyada akkreditə olunan Azərbaycanın Mərakeşdəki səfirliyinin müşaviri Anar Mədətli bildirib.
Portuqaliyanın xarici işlər naziri Luis Amadonun iyulun 15-də Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Bu barədə çərşənbə axşamı Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı nazir səfəri çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq. Danışıqlardan sonra iki nazirin brifinqi keçiriləcək.
"Bu Portuqaliya xarici işlər nazirinin Azərbaycana ilk səfəridir", - müşavir vurğulayıb.
Portuqaliyalı nazir Bakıdan sonra ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirlərinin iyulun 16-17-də qeyri-rəsmi görüşündə iştirak etmək üçün Almatıya yola düşəcək.