...

Azərbaycanın müxalif partiyası parlamentdə az yerə sahib olarsa belə, mandatdan imtina etməyəcək – partiya sədri

Siyasət Materials 2 Avqust 2010 16:42 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) parlament seçkilərində az mandat qazanarsa belə, mandatdan imtina etməyəcək.
Azərbaycanın müxalif partiyası parlamentdə az yerə sahib olarsa belə, mandatdan imtina etməyəcək – partiya sədri

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) parlament seçkilərində az mandat qazanarsa belə, mandatdan imtina etməyəcək. Bu barədə bazar ertəsi Trend-ə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

"Bu təcrübəni təkrarlamaq doğru deyil. Çünki həmin addım təcrübədə istənilən effekti vermədi. Bunu yaşayan adam kimi hesab edirəm ki, onu bir daha təkrar etməyə ehtiyac yoxdur", - Mirəlioğlu əlavə edib.

2000-ci il parlament seçkilərindən sonra Mirmahmud Mirəlioğlu müxalifətin parlamentdə az yer tutduğunu və az mandatla parlamentdə heç bir təsir gücünə malik olmayacaqlarını əsas gətirərək öz mandatından imtina etmişdi. Analoji addım 2005-ci il parlament seçkiləri zamanı Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət tərəfindən də atılmışdı.

Mirəlioğlunun sözlərinə görə, indiki şəraitdə belə bir addım atmaq doğru deyil.

"İnanmıram ki, budəfəki parlament seçkilərindən sonra belə hal təkrarlansın. Hər zamanın öz qaydaları və tələbləri var. Bu parlament seçkilərində biz mandatdan imtina etməyəcəyik. Çünki 2000-ci ildə atılan addımın bizim üçün ziyanları çox oldu. Hesab edirəm ki, bunu bir daha təkrarlamağa ehtiyac yoxdur", - KXCP sədri deyib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti