Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycan müxalifətinin indiki mərhələdə birləşməsi mümkün deyil. Bu barədə cümə günü Trend-ə müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
"İndiki mərhələdə müxalifətin birləşməsinə mane olan düşüncə fərqidir. Düşüncə birliyində olan siyasi təşkilatlar bir araya gəlməyi bacaracaqlar. Hələlik Azərbaycandakı müxalif partiyalar eyni cür düşünmürlər. Siyasətçilər şəxsi münasibətləri siyasi proseslərə daşıyıblar. Nəticə etibarilə buna görə birləşə bilmirlər", - Ağazadə əlavə edib.
Partiya sədri hesab edir ki, birləşmə yalnız parlament seçkilərindən sonra mümkün ola bilər.
"Azərbaycanda müxalifətin birliyi haqqında bu və ya digər şəkildə gözlənilən birləşmələr yalnız seçkidən sonra olacaq. Parlament seçkilərindən sonra Azərbaycan müxalifəti üçün yeni dövr başlayacaq. Müxalifət partiyaları gerçək mübarizənin nə olduğunu və necə mübarizə aparmağın fəlsəfəsini anlayacaqlar", - Ağazadə deyib.
Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Onun sözlərinə görə, birlik məsələsi Ümid Partiyası üçün prioritet deyil.
"Bir sıra müxalifət partiyaları ilə danışıqlar aparılır, lakin bu məsələ parlament seçkiləri ərəfəsində Ümid Partiyası üçün prioritet deyil. Prioritet Ümid Partiyasının seçkilərə təkbaşına getməsidir", - partiya sədri bildirib.