...

Azərbaycan Prezidenti "Samur" gömrük-buraxılış məntəqəsinin açılışında iştirak edib

Siyasət Materials 12 Avqust 2010 18:07 (UTC +04:00)
Prezident İlham Əliyev avqustun 12-də "Samur" gömrük-buraxılış məntəqəsinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti "Samur" gömrük-buraxılış məntəqəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev avqustun 12-də "Samur" gömrük-buraxılış məntəqəsinin açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına raport verib.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olub.

Aydın Əliyev və Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyev dövlətimizin başçısına məlumat veriblər ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 5 hektardır ki, bunun da 11500 kvadratmetrində binalar və qurğular yerləşir.

Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib.

Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük-buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilib.

Diqqətə çatdırılıb ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri vardır. Gömrük-buraxılış məntəqəsində "bir pəncərə" sistemi tətbiq edilib. Burada yük-maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışırlar. Sanitar-karantin, fitosanitar və baytar nəzarəti xidmətlərinin də fəaliyyət göstərdiyi terminalın ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.
Gömrük-buraxılış məntəqəsi ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti