Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsə Qəmbər ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu gün görüş keçirəcək. Bu barədə şənbə günü Trend-ə "Müsavat" partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
"Müsavat"ın AXCP-yə güzəştə gedəcəyi seçki dairələri ilə bağlı təkliflər səslənib. Görüşdə həmin məsələ ilə bağlı fikir mübadiləsi aparılacaq", - Hacılı əlavə edib.
İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə "Müsavat" başqanı İsa Qəmbər AXCP ilə "Müsavat"ın birləşərək bir partiya olmasını təklif edib. Hazırda partiyaların birgə seçki bloku yaratması istiqamətində danışıqlar gedir. "Müsavat" funksioneri Arif Hacılı cümə günü mətbuata verdiyi açıqlamasında "Müsavat"ın AXCP-yə 36 seçki dairəsində güzəştə gedəcəyini deyib.
Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.