...

Türkiyə NATO karvanının keçməsinə icazə verməsə, təşkilatın Ermənistanda təlimləri ləğv olunacaq - XİN nümayəndəsi

Siyasət Materials 24 Avqust 2010 18:42 (UTC +04:00)
Türkiyə NATO gəmilərinin öz sərhədi vasitəsilə Ermənistana keçməsinə razılıq verməsə, NATO-nun 11-17 sentyabr üçün nəzərdə tutulumuş təlimləri ləğv oluna bilər. Bu barədə Türkiyənin XİN-nin Avrasiya ölkələri üzrə şöbəsinin rəhbəri Mehmet Fatih Ceylan bildirib.
Türkiyə NATO karvanının keçməsinə icazə verməsə, təşkilatın Ermənistanda təlimləri ləğv olunacaq - XİN nümayəndəsi

Аzərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Ü.Sadıxova/

Türkiyə NATO karvanının öz sərhədi vasitəsilə Ermənistana keçməsinə razılıq verməsə, NATO-nun 11-17 sentyabr üçün nəzərdə tutulmuş təlimləri ləğv oluna bilər. Bu barədə Türkiyə XİN-in Avrasiya ölkələri üzrə departamentinin rəhbəri Mehmet Fatih Ceylan bildirib.

"Nəzəri olaraq Türkiyə lazımi avadanlıqların buraxılışı üçün icazə verməyə və sərhədi açmaya bilər. Lakin bu, təbii fəlakətlə mübarizəyə hazırlıq üçün FHN-in hərbi xarakter daşımayan təlimləri olacaq", - türkiyəli diplomatı Trend-ə telefon vasitəsilə bildirib.

Onun sözlərinə görə, əgər NATO Ermənistanda təlim üçün Türkiyə ərazisindən hərbi-texniki avadanlıqlar keçirmək niyyətində olsaydı, Ankara buna icazə verməzdi. "Təlimlərin FHN çərçivəsində keçiriləcəyini nəzərə alaraq, Türkiyə təlimlər üçün NATO avadanlıqlarının keçirilməsi məqsədilə müvəqqəti olaraq sərhədi açacaq", - Ceylan deyib.

"Ssenari belədir ki, Ermənistanda zəlzələ baş verir və NATO qüvvələri lazımi yardım göstərmək üçün oraya yollanır", - Ceylan "belə təlimlərin keçirilməsi üçün Türkiyə təşkilatın üzvü kimi NATO qüvvələrini öz sərhədindən keçirməyə bilməz" fikrini əlavə edərək bildirib. "Lakin mövcud addım Türkiyənin Ermənistanla sərhədi rəsmi şəkildə açdığını söyləmir", - diplomat bildirib.

Ölkələr arasında sərhədlər 1993-cü ildə Yerevanın qondarma "erməni soyqırımı"nın dünyada tanınması üçün iddiaları və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini işğalı ilə əlaqədar olaraq bağlanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti