Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda keçirilən ötən seçkilərdə baş verən qanun pozuntuları ilə bağlı bəzi cinayət işlərinə baxılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirib.
"Ötən il bələdiyyə seçkiləri zamanı İmişli və Masallıdakı seçki dairələrində qanun pozuntuları ilə bağlı 2 cinayət işi başlanılıb. Qanunvericiliyə görə, seçki qaydalarının pozulması ilə bağlı cinayət işləri prokurorluq orqanlarına həvalə edilib. Çalışırıq, bu cinayət işlərinin istintaqı qanunauyğun aparılsın", - Usubov bildirib.
Usubovun sözlərinə görə, Azərbaycanda 2005-ci il noyabrın 6-da keçirilən Parlament seçkisi və 2006-cı ilin 13 mayındakı təkrar Parlament seçkilərində seçki qanunvericiliyinin pozulması ilə bağlı 20-yə yaxın cinayət işi başlanılıb. Bunlardan 6 cinayət işi DSK rəhbərlərinin fəaliyyəti ilə bağlı idi. Onlardan 15-i məhkəməyə göndərilib və ittiham hökmləri çıxarılıb.
2005-ci ildə keçirilən Parlament seçkiləri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olub. Onlardan 102-si Mərkəzi Seçki Komissiyasından, 35-i dairə seçki komissiyalarından, 193-ü vətəndaşlardan olub.
Azərbaycanda noyabrın 7-də növbəti Parlament seçkisinin keçirilməsi nəzərdə tutulur.