...

MDB Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığa başlayıb

Siyasət Materials 3 Sentyabr 2010 14:15 (UTC +04:00)
MDB-nin İcraiyyə Komitəsi Birlik ölkələrinə Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində akkreditə ediləcək şəxslərin siyahısını təqdim etmək xahişi ilə məktub göndərib.
MDB Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığa başlayıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E. Tanrıverdiyev/

MDB Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığa başlayıb.

MDB-nin İcraiyyə Komitəsi Birlik ölkələrinə Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində akkreditə ediləcək şəxslərin siyahısını təqdim etmək xahişi ilə məktub göndərib. Bu barədə cümə günü Trend-ə təşkilatın İcraiyyə Komitəsindən bildiriblər.

Azərbaycanda parlament seçkilərinin keçirilməsi noyabrın 7-nə nəzərdə tutulub.

MDB ATƏT və Avropa Şurası kimi Azərbaycana iki missiya - uzunmüddətli və qısamüddətli - göndərməyi planlaşdırır.

Uzunmüddətli missiya seçkilərə hazırlıq prosesini müşahidə etmək məqsədilə Azərbaycana seçkilərdən xeyli əvvəl gələcək. Fəaliyyətin yekunlarına görə ölkədəki seçkiqabağı vəziyyətlə bağlı hesabat təqdim ediləcək.

"Təşkilatın icraçı katibi Sergey Lebedevin başçılıq etdiyi qısamüddətli missiya ölkəyə bilavasitə səsvermə prosesinə bir neçə gün qalmış gələcək və seçkilərin gedişini müşahidə edəcək", - İcraiyyə Komitəsindən bildiriblər.

İcraiyyə Komitəsi yaxın vaxtlarda Bakıda müşahidəçi missiyalarının mənzil-qərargahını da yaradacaq.

MDB-nin Parlament Assambleyası Azərbaycanda keçiriləcək parlament seçkilərini ayrıca şəkildə müşahidə etməyi planlaşdırır.

Ölkədə bundan əvvəlki parlament seçkiləri 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Gələn həftə Azərbaycanda seçki kampaniyasına rəsmi start veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti