Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.
Bazar ertəsi keçirilən iclas zamanı MSK-nın dörd üzvü ekspert qrupunun üzvü kimi təsdiq edilib.
Bundan başqa, seçki dairələrində də ekspert qrupları yaradılacaq. Bu qruplar dairə seçki komissiyalarının üç üzvündən ibarət olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsin.
Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.