...

Bakıda MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsində Memorandum qəbul edilib

Siyasət Materials 15 Sentyabr 2010 17:10 (UTC +04:00)
Bakı şəhərində sentyabrın 14-15 tarixində beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr olunmuş MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XI iclası keçirilib.
Bakıda MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsində Memorandum qəbul edilib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakı şəhərində sentyabrın 14-15 tarixində beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr olunmuş MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XI iclası keçirilib.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin çərşənbə günü yaydığı məlumata görə, müşavirənin XI iclasının yekunları üzrə qəbul olunmuş Memorandumda təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri MDB ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərə qarşı keyfiyyətli və dövrün tələblərinə uyğun mübarizənin aparılması məqsədilə gələcəkdə daha yeni və səmərəli iki və çoxtərəfli qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını bəyan ediblər.

Sentyabrın 15-də tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanı ziyarət ediblər. Burada qonaqlar, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və nazirliyin bir qrup əməkdaşı ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər gül dəstələri düzülüb. Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Həmin gün Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində iclas öz işinə başlayıb. İclasın acılışında iştirak edən Azərbaycanın Baş naziri Artur Rasi-zadə çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq münasibətlərə, dövlətlərarası dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi önəm verdiyini və bu istiqamətdə bütün səyləri dəstəklədiyini qeyd edib. Baş nazir Bakı şəhərində keçirilən tədbirdə müzakirə ediləcək məsələlərin effektli olacağına və konkret nəticələr verəcəyinə ümidvar olduğunu söyləyib.

MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin sədri, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov X iclasdan sonrakı müddət ərzində görülmüş işlər barədə dolğun məlumat verib, beynəlxalq terrorçuluğun, dini və siyasi ekstremizmin, habelə bu cür hüquqazidd təzahürlərin, ümumən Birlik ölkələrinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin əməkdaşlıq münasibətlərinin mühüm faktor olduğunu diqqətə çatdırıb. Mixail Fradkovun növbəti il üçün Eldar Mahmudovun MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin sədri seçilməsi barədə təklifi yekdilliklə qəbul olunub.

Müşavirənin yeni sədri, milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxışının əvvəlində bir qədər öncə Azərbaycan Prezidenti İlham Əliyevin nümayəndə heyətlərinin rəhbərlərini qəbul etdiyini və dövlət başçısının bütün tədbir iştirakçılarına salamlarını, iclasın işinə uğurlar arzuladığını diqqətə çatdırıb. Sonra çıxışına davam edən nazir Eldar Mahmudov terrorçuluğun, eləcə də onu doğuran təzahürlərin, o cümlədən ekstremist və kriminal strukturların dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhdidlər olduğunu bildirib. Regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri tərəfindən təhlükə barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Nazir Eldar Mahmudov MDB iştirakçı dövlətlərin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin Müşavirənin XI iclası çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.

Sonda MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XII iclasının Tacikistanın Düşənbə şəhərində keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti