...

Gürcüstan minilliyin inkişaf məqsədlərinin yerinə yetirilməsi üzrə öz təcrübəsini dünya ilə bölüşə bilər – Prezident Mixeil Saakaşvili

Siyasət Materials 21 Sentyabr 2010 11:28 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Nyu-Yorkda BMT-nin sammitində çıxış edərkən bəyan edib ki, onun ölkəsi minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün BMT-nin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə ciddi əngəl olan korrupsiya ilə mübarizədə öz təcrübəsini bölüşə bilər.
Gürcüstan minilliyin inkişaf məqsədlərinin yerinə yetirilməsi üzrə öz təcrübəsini dünya ilə bölüşə bilər – Prezident Mixeil Saakaşvili

ABŞ, Nyu-York, 21 sentyabr /Trend, xüsusi müxbir A.Privalov/

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Nyu-Yorkda BMT-nin sammitində çıxış edərkən bəyan edib ki, onun ölkəsi minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün BMT-nin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə ciddi əngəl olan korrupsiya ilə mübarizədə öz təcrübəsini bölüşə bilər.

"Sadəcə olaraq inkişaf üçün vəsait ayırmaq deyil, onlardan istifadə olunması üzərində nəzarət yaratmaq vacibdir. Əgər yoxsulluqla mübarizəyə yalnız pul paylanması nöqteyi-nəzərindən baxsaq, onların yerli bürokratların əlinə düşməsinə yol verilməməsi vacibdir ", - Mixeil Saakaşvili deyib.

Onun sözlərinə görə, "mənzillərin inşası üçün ayrılan pullar yerli bürokratların əlinə düşsə, bu vəsait onlar üçün villaların tikintisinə xərclənə bilər. Uşaqların təhsilinə ayrılan pullar da bu bürokratların uşaqlarının xaricdə təhsil almalarına sərf oluna bilər, xəstəxanaların tikintisinə ayrılan pullar isə həmin bürokratların arvadlarının xaricdəki klinikalarda uşaq doğmasına xərclənə bilər".

"Biz korrupsiyaya qurşanmış ölkə idik və milyonlarla dollar pensiyaçılara və uşaqlara gedib çatmadan batırdı", - o qeyd edib.

Onun sözlərinə görə, Gürcüstanda son illər ərzində korrupsiya kimi bəla ilə mübarizədə bir çox işlər görülüb.

"Bu gün biz təkcə korrupsiya ilə mübarizə aparmırıq, ölkənin inkişafı üçün çox işlər görürük", - Gürcüstan Prezidenti əlavə edib.

Onun sözlərinə görə, ölkədə12 illik təhsil sistemi tətbiq edilib.

"Ana dili ingilis dili olan 10 minə yaxın müəllim uşaqlarımıza ingilis dilini öyrədir", - Saakaşvili bidirib.

Onun sözlərinə görə, ölkədə səhiyyə sahəsində də az uğurlar əldə edilməyib."Bu sistemdə olan problemlər mənə yaxşı məlumdur, çünki arvadım xəstəxanada tibb bacısı işləyir", - o qeyd edib.

Mixeil Saakaşvili onu da qeyd edib ki, minilliyin inkişaf məqsədləri üçün əsas məsələlərdən biri ekologiyanın qorunub-saxlanılması məsələsidir.

"Lakin biz işğal olunmuş Abxaziya ərazilərində bu məsələnin həllinə təsir göstərə bilmirik. Bu ərazilərdə ekologiya üçün ayrılan vəsaitlərdən istifadəyə son dərəcə diqqət yetirmənizi xahiş edirəm", - sonda o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti