...

Azərbaycan Mərakeş Krallığı ilə münasibətlərin inkişafına böyük önəm verir - spiker Oqtay Əsədov

Siyasət Materials 24 Sentyabr 2010 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərakeş Krallığı ilə münasibətlərin inkişafına böyük önəm verir. Bunu Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Mərakeş parlamentinin Nümayəndələr Palatasının sədri Abdelvahed Radi ilə görüşündə bildirib.

"İnanırıq ki, daha yüksək səviyyəli səfərlər bizim əlaqələrimizin hərtərəfli inkişafına böyük töhfələr verəcək. Ölkələrimiz arasında 7 mühüm sənəd imzalanıb, 20-si isə imzalanma mərhələsindədir. Amma iqtisadi əlaqələrimizin hazırki səviyyəsi mövcud potensiala uyğun deyil. Artıq hökumətlərarası müştərək komissiya da yaradılıb. İnanırıq ki, bu komissiya bütün sahələrdə əməkdaşlığımızın genişlənməsində, münasibətlərimizin inkişafında mühüm rol oynayacaq", - Əsədov deyib.

Əsədov bu səfərin ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

Milli Məclisin sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib.

Əsədov Azərbaycanın iqtisadi inkişafı, regionda həyata keçirilən irimiqyaslı layihələrdəki rolu, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Mərakeş Krallığına təşəkkürünü bildirib, bu siyasətin bundan sonra da dəyişməyəcəyinə əminliyini ifadə edib.

Abdelvahed Radi deyib ki, Mərakeşdə Azərbaycanı çox sevirlər.

"Biz də bu səfərə böyük önəm veririk. Çünki bu səfər qardaşlıq və dostluq əlaqələrimizin, həmrəyliyimizin güclənməsinə, dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edir. Əlaqələrimizin inkişafında heç bir çətinlik yoxdur. Bu da ondan irəli gəlir ki, hər iki ölkədə bunun üçün böyük siyasi iradə, eyni istiqamətə yönəlmiş fəaliyyət proqramı var", - Radi qeyd edib.

Görüşdən öncə Radi Milli Məclisin yeni inzibati binası və iclas zalı ilə tanış olub. Sonra qonaqlar parlamentin binasındakı Heydər Əliyev xatirə zalına baxıblar. Burada onlara ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini əks etdirən, eləcə də dünyanın tanınmış ictimai, siyasi və dövlət xadimləri ilə keçirdiyi görüşlərdən bəhs edən fotoşəkillər, eksponatlar barədə ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti