...

Belarusda Azərbaycanın Sumqayıt şəhərinin guşəsi salınacaq

Siyasət Materials 29 Sentyabr 2010 12:17 (UTC +04:00)
Sumqayıt ilə qardaşlaşmış şəhər olan Belarusun üçüncü böyük şəhəri Mogilyovda Sumqayıt guşəsi salınacaq.
Belarusda Azərbaycanın Sumqayıt şəhərinin guşəsi salınacaq

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Sumqayıt ilə qardaşlaşmış şəhər olan Belarusun üçüncü böyük şəhəri Mogilyovda Sumqayıt guşəsi salınacaq. Bu barədə Mogilyov Şəhər İcraiyyə Komitəsindən məlumat verilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, tərəflər arasında əldə olunmuş razılığa əsasən, Mogilyovun mərkəzi məhəllələrinin birində, "Sovet" meydanı yaxınlığında Sumqayıt şəhərini xarakterizə edən elementlərdən ibarət istirahət-əyləncə guşəsi yaradılacaq.

Artıq bu məqsədlə Sumqayıt şəhərinin baş rəssamı tərəfindən meydançanın ilkin eskizi hazırlanıb. Eskizdə Xəzər dənizini, şəhərin sənaye potensialını, eləcə də Sumqayıtın rəmzi olan "Sülh Göyərçini" abidəsini təmsil edən müxtəlif elementlər öz əksini tapıb. Yaxın müddətdə Sumqayıt şəhərn nümayəndə heyətinin Mogilyova səfəri zamanı əraziyə baxış keçiriləcək, layihələndirmə işləri üçün ilkin iş aparılacaq, həmçinin, Mogilyovun digər qardaş şəhərlərinin - Moskva və Tulanın guşələri ilə tanış olunacaq.

Sumqayıt ilə Mogilyov şəhərləri arasında 2007-ci ildə Mogilyovda Niyyət Protokolu, 2008-ci ildə Sumqayıtda ticarət-iqtisadi, elm-texnika, mədəni əlaqələrin yaradılması və inkişafı haqqında saziş imzalanıb; 2009-cu il iyulun 2-də isə tərəflər arasında ən yüksək səviyyədə əməkdaşlığın - qardaşlıq əlaqələrinin yaradılması haqqında müqavilə bağlanıb.

Xəbər lenti

Xəbər lenti