...

Koreya hökuməti Azərbaycanı dünyada otuz əsas tərəfdaşından biri hesab edir – səfir (MÜSAHİBƏ)

Siyasət Materials 7 Oktyabr 2010 09:00 (UTC +04:00)
Koreya hökuməti Azərbaycanı dünyada otuz əsas tərəfdaşından biri hesab edir
Koreya hökuməti Azərbaycanı dünyada otuz əsas tərəfdaşından biri hesab edir – səfir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T. Konyayeva/

Trend-in Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ji-ha ilə Koreyanın milli bayramı münasibətilə müsahibəsi

- Koreya ölkələrimiz arasındakı qarşılıqlı siyasi, iqtisadi və mədəni münasibətlərin hazırkı vəziyyətindən razıdırmı?

- Ölkələrimiz arasında ikitərəfli diplomatik münasibətlər 1992-ci ildə qurulub, lakin 2005-ci ilədək əməkdaşlıq lazımi səviyyədə həyata keçirilməyib. 2006-cı ildə Bakıda Koreya Respublikasının daimi səfirliyinin və 2007-ci ildə Azərbaycan Respublikasının Seulda səfirliyinin açılması ilə ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf etməyə başladı.

Koreya-Azərbaycan münasibətlərinin inkişafına iki dövlət başçısının qarşılıqlı səfərləri yeni təkan verdi: 2006-cı ildə Koreyanın sabiq Prezidenti Ro Mu Hyun Azərbaycana, 2007-ci ildə isə Azərbaycan Prezidenti İham Əliyev Koreyaya cavab səfəri etdi. Ən yüksək səviyyədə baş tutan səfərlərdən sonra münasibətlərimiz müxtəlif sahələrdə inkişaf etməyə və möhkəmlənməyə başladı. Beləliklə, ikitərəfli əməkdaşlığımızın o qədər də uzun tarixə malik olmasa da, münasibətlərimiz kifayət qədər inkişaf edib.

Biz hökumətlər, şirkətlər və s. səviyyəsində əməkdaşlığımızı dəqiq müəyyən edə bilərik. Hökumətlərimiz arasında əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir. Dörd il yarımdan artıq bir müddət ərzində ölkələrimiz arasında ən yüksək səviyyədə səfər mübadilələri həyata keçirilib. Prezidentlərin səfərləri ilə yanaşı, 2007-ci ildə Azərbaycan Parlamentini spikeri Koreyaya, 2008-ci ildə isə Koreyanın Baş naziri Azərbaycana səfər edib. Ötən il ölkənizə Koreya Milli Assambleyasının nümayəndə heyəti gəldi. Bu il Koreyanın nəqliyyat naziri və xüsusi nümayəndə Li Sanq-deuk Bakıya səfər etdilər. Azərbaycanın nəqliyyat, fövqəladə hallar və xarici işlər nazirləri kimi yüksəkvəzifəli məmurların bu il Koreyaya planlaşdırılan səfərləri hər iki hökumətin bir-birlərinə necə diqqət ayırdıqlarını nümayiş etdirir.

Koreya hökuməti hesab edir ki, Azərbaycan onun dünyada daimi əməkdaşlığ etdiyi otuz əsas tərəfdaşından biridir. Bu otuz ölkə arasında yalnız ikisi keçmiş sovet respublikasıdır: Azərbaycan və Özbəkistan. Bu əməkdaşlıq Azərbaycan üçün xüsusilə vacibdir, çünki bildiyiniz kimi, Koreya son 50 ildə sənaye inkişafının və demokratikləşmənin yüksək səviyyəsinə nail olan unikal ölkədir.

Biz Azərbaycan ilə tammiqyaslı əməkdaşlığı həyata keçirməyə və malik olduğumuz təcrübəni bölüşməyə hazırıq.

Müxtəlif sahələrdə əməkdaşlığa gəldikdə, bu il ölkələrimiz arasında yeddi birgə layihə üzrə razılıq əldə olunub. Bundan əlavə, Koreya hökuməti və KOICA şirkəti 80-ə yaxın azərbaycanlı məmuru treninqlərdə iştirak etmək üçün dəvət edib.

Bundan başqa, iki ölkə hökumətləri arasında əməkdaşlığın bir neçə mexanizmi mövcuddur. Bildiyiniz kimi, biz hər il hər iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr üçün görüşlər keçiririk. Həmçinin, bu il hər iki ölkənin nəqliyyat, ətraf mühit və kənd təsərrüfatı nazirlərinin görüşləri keçirilib.
Biz Azərbaycan hökuməti ilə əməkdaşlığın gələcək mexanizmlərinin işlənməsi, eləcə də iqtisadi komissiyaların birgə iclaslarının təşkili məsələlərini müzakirə edirik.

Özəl sahədə əməkdaşlığa gəldikdə, qeyd etmək lazımdır ki, bu sektor kifayət qədər inkişaf etməyib. Azərbaycanda bir neçə Koreya şirkəti, o cümlədən nəqliyyatın intellektual idarə edilməsi layihəsini həyata keçirən "SK C&C Ltd", Gəncə və Yevlax arasında yolun tikintisini həyata keçirən "Ultra Construction and Engineering Co", ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əsas binasının inşası kimi bir neçə layihələri həyata keçirən "Dong Sang Engineering" şirkətləri çalışır. Lakin ölkələrimiz arasında həyata keçirilən bəzi layihələr dayandırılıb. Onların arasında Koreyanın KEPCO şirkətinin özəl elektrik stansiyasının tikintisi layihəsi, Bakıda yeni limanın və gəmi tikintisi zavodunun layihələri də var. Biz bununla bağlı çox təəssüflənirik.

Mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıın həyata keçirdiyi silsilə tədbirləri qeyd etmək olar. Bundan başqa, biz hər il gənclərin mübadiləsi üzrə proqram təşkil edirik. Bu il biz Azərbaycandan 10 gənc qəbul etmişik, eləcə də Koreyadan 10 nəfər Azərbaycana göndərilib. Bundan başqa, hər iki ölkənin ali məktəblərində 100-dən artıq tələbə müxtəlif dərəcələr üxrə (bakalavr, magistr və doktorluq dərəcələri) təhsil alırlar.

Ötən il olduğu kimi, Koreya universitetlərinin 11 məzunu oktyabrda Bakıda keçiriləcək Beynəlxalq Təhsil Yarmarkasında iştirak edəcəklər. Belə hadisələr tərəfdaşlıq münasibətlərini bizim necə qiymətləndirdiyimizdəın xəbər verir.

Ticarət əlaqələri də sürətlə inkişaf edir. 2005-ci ilədək mal dövriyyəsinin həcmi çox aşağı idi - cəmi 47 milyon dollar, lakin 2008-ci ildə bu rəqəm əhəmiyyətli dərəcədə (on dəfə) artdı, ötən il isə bu rəqəm 446 milyon dollar təşkil edib. Hesab edirəm ki, bu rəqəmlər ildən-ilə artacaq.

Əlaqələrimizin inkişafı üçün potensial çox böyükdür. Azərbaycan zəngin təbii sərvətlərə malik ölkədir, Koreya isə praktiki olaraq onlara malik deyil, lakin insan resursları ilə zəngindir. Həmçinin, bizim iqtisadiyyatın və nou-haunun inkişafında çox böyük təcrübəmiz var.
Gələcəkdə bizi Azərbaycan hökumətinə informasiya, telekommunikasiya və alternativ enerji mənbələri sektorlarının inkişafında kömək edəcəyik. Bunun üçün bizdə nou-hau, texnologiyalar və vəsaitlər var.

- Koreyanın Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin işğalı faktı ilə bağlı mövqeyi necədir?

- Koreya öz tarixində oxşar faicəvi təcrübəyə malikdir - torpaqların bölüşdürülməsi, işğalı və s. Dağlıq Qarabağ münaqişəsi müstəqillik, ərazi bütövlüyünün saxlanılması və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında sülh yolu ilə həll olunmalıdır. Bizim mövqeyimiz dəyişməzdir. Şəxsən mən belə hesab edirəm ki, Azərbaycan hökuməti bütün qonşu ölkələrlə yaxşı münasibətlər saxlamağa çalışır. Cənubi Qafqaz regionunun inkişafı, həmçinin, sabitlik və təhlükəsizliyin qurulması üçün bu məsələ mümkün qədər tez həll olunmalıdır. Ağır faciə ondadır ki, milyon nəfərə yaxın insan öz evlərini tərk etməyə məcbur olub.

- Azərbaycan və Koreya xüsusilə nəqliyyat sektorunda fəal qarşılıqlı iqtisadi əlaqələrə malikdir. Azərbaycanın idxal etdiyi sərnişin avtobuslarının böyük hissəsi Koreya istehsalının payına düşür. Həmçinin, Koreya şirkətləri Azərbaycanda yol layihələrində iştirak edirlər.

- Ölkələrimiz nəqliyyat sahəsində fəal əməkdaşlıq edirlər. Hazırda Bakıda Koreya istehsalı olan avtobuslar fəaliyyət göstərir. Nəqliyyat nazirlikləri arasında Azərbaycana 1800 avtobusun nəqlinə dair müqavilə imzalanıb ki, onlardan 1300-ü idxal olunub. Qalan 500 avtobusun gətirilməsi isə bu ilin sonuna qədər gerçəkləşəcək.

- Bundan əvvəl Koreya şirkətləri Bakı-Böyük Kəsik dəmir yolunda hərəkəti sürətləndirmək məqsədilə bərpa işlərinin aparılmasını təklif etmişdilər. İndi layihə hansı mərhələdədir?

- 2006-cı ildən Koreyanın şirkətlər qrupu Nəqliyyat nazirlikləri və dəmiryol rəhbərləri ilə Bakı-Böyük Kəsik dəmiryol məntəqəsinin tikintisinə dair layihənin həyata keçirilməsi üzərində işləyiblər. Dünya Bankı və Çexiya bankı müvafiq olaraq 450 milyon dollar və 415 min avro dəyərində kreditlər ayırıblar. Lakin Koreya şirkətləri bu layihəyə qoşula bilməyiblər. Lakin biz dəmiryol infrastrukturu sahəsində digər birgə layihəni həyata keçirməyi planlaşdırırıq.

- Həmçinin, tərəflər Bakı buxtasında körpünün tikintisinin texniki-iqtisadi əsaslandırılması layihəsində fəal əməkdaşlıq edirlər. TİƏ layihəsinin hazırlıqlarının tamamlanması nə vaxta planlaşdırılır? Necə düşünürsünüz, Koreya şirkətləri bu cür çətin layihənin həyata keçirilməsinə hazırdırlarmı?

- Bakı buxtasında körpünün tikintisinə gəldikdə, bu layihə Azərbaycanın təşəbbüsü ilə hazırlanıb. 2007-ci ildə nəqliyyat naziri Koreya səfirliyindən layihəni işləyib hazırlayacaq Koreya şirkətini axtarmağı xahiş etmişdi. 2008-ci ildə Koreyanın Baş naziri Han Duk-sunun Azərbaycana səfəri zamanı iki ölkə hölumətləri arasında qrant sazişi imzalanıb. Bu ilin iyul ayında KOICA şirkəti növbəti ilin iyuluna qədər tamamlanacaq layihənin həyata keçirilməsinə başlayıb. Koreya hökuməti layihənin bu mərhələsinin gerçəkləşməsi üçün 1,6 milyon dollar ayırıb. Ümid edirəm ki, təhlilin nəticələri müsbət olarsa və maliyyə imkanları buna imkan verərsə, şübhəsiz ki, Koreya bu layihədə fəal iştirak edəcək. Körpünün inşası Bakıda nəqliyyat problemini həll edəcək. Hazırda Azərbaycan paytaxtında dairəvi yollar inşa edilir. Körpünün mövcudluğu onun effektivliyinə şərait yaradacaq. Ümid edirəm ki, analizin nəticələri layihəni davam etdirməyə imkan verəcək. Lakin bu, yalnız Koreya şirkətlətindən asılı deyil. Bu, iki milyard dəyərində geniş layihədir. Biz onu maliyyələşdirməyin modellərini axtarmağa hazırıq. Lakin hazırkı mərhələdə təhlilin nəticələrini gözləmək lazımdır. Bir neçə ekspert mövcud layihə üzərində işləyir və ümid edirəm ki, onlar onu maliyyələşdirməyin yollarını tapacaqlar.

- Hazırda Bakıda nəqliyyatın idarə edilməsi intellektual sisteminin yaradılması üzrə işlər aparılır ki, bu da paytaxtda tıxac və avtomobillərin hərəkəti problemini həll etməyə yönəldilib. Bu layihənin həyata keçirilməsində Koreya təcrübəsindən fəal şəkildə istifadə olunur. Bu proses hazırda hansı mərhələdədir? Sistemin yaradılması üzrə işlərin tamamlanması nə vaxt başa çatacaq?

- Nəqliyyatın idarə edilməsi intellektual sisteminin tətbiqi layihəsinə Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Koreyaya səfəri zamanı təşəbbüs göstərilib. 2008-ci ildə Koreyanın "SK C&C şirkəti" tərəfindən müvafiq müqavilə imzalanıb. Layihənin həyata keçirilmə müddəti 2008-ci ilin mayından 2011-ci ilin aprelinə qədərdir. Bu vaxta qədər lazımi tədqiqatlar aparılıb, əsas detallar alınıb və bu ilin sentyabrında elektrik və kommunikasiya sahəsində işlər başlanılıb. Plana əsasən, növbəti ilin əvvəlinə qədər bu sistem istismara veriləcək, bütün işlər isə 2011-ci ilin aprelinə qədər tamamlanacaq. Yeddi aylıq işlərdən sonra yoxlama aparılacaq. Beləliklə, növbəti ilin noyabrına qədər sistem fəaliyyət göstərməlidir.

Xəbər lenti

Xəbər lenti